Yeni il şənlikləri ləğv olunacaq? Beynəlxalq təcrübə artıq var...
Fatimə Hacıbəyli: “Türkiyədə olduğu kimi, milli adət-ənənələrimizə uyğun olmayanlar yığışdırılmalıdır”
Məlum olduğu kimi, qardaş Türkiyədə Yeni il şənliklərinə qadağa tətbiq edilməyə başlanılıb. Türkiyə mediasında yayılan məlumata əsasən, Yeni il şənliklərinin milli adət-ənənələrə zidd olduğuna dair orta məktəblərə təlimat göndərilib və şənliklərin keçirilməsi qadağan edilib.
Belə bir təlimat İstanbul Bağcılar v Ataşəhər bölgə Milli Egitim (təhsil) Müdürlükləri tərəfindən ərazidəki məktəblərə yazılı şəkildə göndərilib.
Təlimatda qeyd edilir ki, “Noel”, Yeni il, “Cadılar (ifritələr) bayramı” kimi şənlik və mərasimlər milli və mənəvi-mədəni dəyərlərə ziddir və bu cür tədbirlərin keçirilməməsi məsləhət görülür. Məktəblərdə sinif otaqlarının bəzədilməməsi, milli bayramlara üstünlük verilməsi tövsiyə edilir. Məlumdur ki, ölkəmizin təhsil müəssisələrində Yeni il, “Cadılar bayramı” kimi şənliklər keçirilir.
“Bizim mentalitetimizə və adət-ənənələrimizə zidd olan bayramın keçirilməsi düzgün deyil”
Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, təqvim həyatın tənzimlənməsi üçün düşünülüb, bu baxımdan onun yenilənməsi müxtəlif məsələləri simvolizə edir: “İlin başlanğıcı xalqlara görə dəyişə bilər, amma mahiyyəti hamı üçün eynidir. Yeni il bayramı həyatın yenilənməsini, həm də yeni imkanların yaranmasını tərənnüm edir. İnsanlar da bunu bayram kimi qeyd edir. Yeni həyatın başlanğıcını sevinclə qarşılamaq isə təbiidir. Hər xalqın təqvimin dəyişilməsi ilə bağlı öz adət-ənənələri, nağılları, qəhrəmanları var. İnsanların əylənməsi gözəl haldır, amma əyləncə həyatın digər sahələri kimi heç bir çərçivə tanımazsa, həm insanın, həm cəmiyyətin ziyanına işləyəcək. İnsanlar bu bayramı qeyd edib-etməməkdə azaddırlar. Yəni bu, insanların öz seçimidir. Ümumiyyətlə, Azərbaycanda qeyd olunan Yeni il xristian ənənəsi kimi qeyd olunmur, sadəcə təqvim ili kimi qeyd olunur. Bu da hansısa bir yad mədəniyyətin təsirinə məruz qalmaq deyil. Təəssüf ki, bu gün məktəb və bağçalarda cadılar adlı bayram keçirilir. Acınacaqlısı odur ki, gənc və orta yaşlı instaqram fenomenləri bu bayramı müasirlik kimi təbliğ edir. “Cadılar bayramı”nı keçirməklə heç kim müasirləşmir, amerikanlaşmır. Bizim özümüzün gözəl, mahiyyəti bəlli olan bayramlarımız var. Bu bayram bəzi uşaqları əyləndirsə də, orada istifadə olunan qrimlər, geyimlər, qorxunc ruhları tərənnüm edən görüntülər əksər uşaqların psixologiyasına mənfi təsir edir. Onlarda səbəbsiz fobiyalar yaradıb, gecələr kabus görməsinə gətirib çıxarır. Bu mərasimlərdəki personajların səbəb olduğu qorxu hissi uşaqlarda ciddi yuxu pozğunluqlarına da səbəb ola bilər. Bizim mentalitetimizə və adət- ənənələrimizə zidd olan bayramın keçirilməsi düzgün deyil. Bu səbəbdən Türkiyənin məlum təşəbbüsünü dəstəkləyirəm. Hesab edirəm ki, bu tədbirlər məzmun və forma baxımından milli kimliyimizə uyğun olmalıdır. Kimsə Yeni il şənliklərinə qarşı deyil.Türkiyədə olduğu kimi, milli adət-ənənələrimizə uyğun olmayanlar yığışdırılmalıdır”.
Günel CƏLİLOVA