IATA təyyarə qəzası ilə bağlı bəyanat yaydı - qərəzsiz və şəffaf araşdırılmalıdır...
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) 25 dekabrda baş vermiş “Azərbaycan Hava Yolları” (AZAL) təyyarə qəzasının hərtərəfli, qərəzsiz və şəffaf şəkildə araşdırılmasına çağırıb.
Trend xəbər verir ki, bu barədə IATA-nın baş direktoru Villi Uolşun bəyanatında deyilir.
“Mülki hava gəmiləri heç bir halda, nə məqsədli, nə də təsadüfən hərbi əməliyyatların hədəfi olmamalıdır. Bir sıra ölkələrin, o cümlədən Rusiya və Azərbaycanın hökumətlərinin açıqlamalarına görə, AZAL-ın 8243 saylı reysi ilə uçan təyyarənin qəzasının hərbi əməliyyatlar nəticəsində baş verməsi ehtimalı çox yüksəkdir. Bu fakt araşdırmanın dəqiq, şəffaf və qərəzsiz aparılmasının xüsusi əhəmiyyətini vurğulayır.
Dünya, Çikaqo Konvensiyasına əsasən beynəlxalq öhdəliklər çərçivəsində, 30 gün ərzində araşdırmanın aralıq hesabatının dərc olunmasını gözləyir. Əgər bu faciənin səbəbinin hərbi əməliyyatlar olduğu təsdiqlənsə, məsul şəxslər cavab verməli və ədalət qarşısında dayanmalıdır”, – deyə IATA-nın baş direktoru Villi Uolş bildirib.