İnsanlar təyyarə faciəsində, Kadırov qohum-əqrəbasına orden paylayır - bağışlanmaz mənəvi cinayət....
Azər Həsrət: "Ramzan Kadırovun bu addımı nə qafqazlıya, nə çeçenə yaraşan hərəkətdi"
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov hökumət üzvlərini mükafatlandırıb. Məlumata görə, mükafat alanların əksəriyyəti Çeçenistan rəhbərinin yaxın qohumları olub.
Məlumat üçün bildirək ki, mükafatlandırma mərasimindən bir gün əvvəl AZAL-a məxsus təyyarə paytaxt Qroznı şəhərinin hava limanına eniş edən zaman zədələnib və daha sonra Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Dünyanın aparıcı media orqanları təyyarənin Çeçenistan hava hücumundan müdafiə sistemlərinin açdığı raket atəşi nəticəsində zədələndiyini açıqlayıb. Bildirilib ki, AZAL-a məxsus təyyarə Çeçenistan ərazisi üzərindən uçduğu zaman hava hücumundan müdafiə qüvvələri aktiv şəkildə Ukrayna PUA-larını vurmağa çalışırmış. Bu məlumatı əmisindən yüksək mükafat alan Çeçenistan Təhlükəsizlik Şurasının rəhbəri Hamzat Kadırov da təsdiqləyib
Kadırovun bu əməli ictimaiyyət tərəfindən xoş qarşılanmayıb.
"Təltif etmə mərasimi geniş şəkildə paylaşıldı, yayıldı, sanki Azərbaycana göz dağı, açıq verirmiş kimi…"
Siyasi şərhçi Azər Həsrət "Bakı-Xəbər"-ə şərhində bildirdi ki, məlum təyyarə qəzasından sonra Çeçenistan rəhbərliyinin yaxın qohumu Hamzat Kadırov medalla təltif olunub: "Görüntülərdə də açıq şəkildə bildirilir ki, o, Çeçenistan üzərində uçan naməlum obyektləri zərərsizləşdirdiyinə görə təltif edilib. Məlumdur ki, 26 dekabr tarixində Azərbaycanda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğramasına görə matəm elan edildi. Ramzan Kadırovun təltif etmə mərasimi də həmin günə tuş gəldi. Təltif etmə mərasimi geniş şəkildə paylaşıldı, yayıldı. Sanki Azərbaycana göz dağı, açıq verirmiş kimi həmin gün o görüntüləri bəh-bəhlə yaydılar. Sərnişin təyyarəsinin vurulması faktı varkən, matəm günü belə şadyanalıq etməməli idilər. Sonra da dekabrın 28-ni matəm günü elan etdilər, guya bizim dərdimizə şərik olurlar, ölkə başçısı İlham Əliyevə zəng edib üzr istədilər. Ancaq bu da məsələnin tam həlli deyil. Məlumdur ki, V.Putinin vəd etdiyi komissiya məsələni araşdıracaq, təyyarəni kimin nə üçün atəşə tutduğu aşkar olunacaq. Həlak olanların ailələrinə təzminat ödəniləcək. Bununla yanaşı, Azərbaycanın məhv edilmiş təyyarəsi də ölkəmizə təzminat şəklində geri qaytarılacaq. Bütün bunları biz gözləyirik. Ramzan Kadırovun bu addımı nə qafqazlıya, nə çeçenə yaraşan hərəkət deyildi. Azərbaycanda çeçenlərə hər zaman hörmət olub. Kadırovun bu davranışı çox ciddi bir problemə səbəb oldu. İstənilən halda bu, bütün çeçenlərin ayağına yazılmamalıdır".
Leyla QARAXANLI