Çap və onlayn mediaya da əlavə yardım ayrılsaydı... Prezident sərəncamına reaksiya...
Azərbaycan dövlətinin KİV-lərə maliyyə dəstəyi ardıcıl xarakter alıb. Uzun illərdir ki, Prezident İlham Əliyevin sərəncamları ilə həm televiziya və radio kanallarına, həm çap, həm də onlayn mediaya maliyyə yardımları göstərilir, bu maddi dəstək mətbuat orqanlarının fəaliyyətində mühüm rol oynayır.
Dövlətin bu sahəyə qayğı siyasətinin davamı olaraq Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, ölkədə fəaliyyət göstərən özəl ümumölkə televiziya və radio yayımçılarının telekommunikasiya peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi üçün Prezidentin ehtiyat fondundan Audiovizual Şuraya 2,5 milyon manat ayrılıb.
Bu, çox müsbət haldır və təqdirəlayiqdir. Ancaq çap və onlayn mediaya da birdəfəlik yardım ayırmaq yaxşı olmazdımı? Bilirik ki, Prezident medianın inkişafına həmişə həssas olub və bu məsələyə də həssas yanaşacaq.
Şakir Ağayev: “Hesab edirik ki, qəzetlərə və saytlara da birdəfəlik yardım ayrılması yaxşı olardı”
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, özəl televiziya və radiolara birdəfəlik maliyyə yardımı ayrılması təqdirəlayiqdir. “Televizya və radiolarda birdəfəlik yardım ayrılması çox yaxşı haldır. Hesab edirik ki, qəzetlərə və saytlara da birdəfəlik yardım ayrılması yaxşı olardı. Vaxtilə bizdə belə bir ənənə olub. Ən azı mətbuatın yubiley illərində çap mediasına birdəfəlik yardımlar ayrılıb. Prezident İlham Əliyev hər zaman medianın inkişafına dəstək olub və çap mediasına xüsusi diqqət, qayğı göstərib. Çap mediası bu günə kimi məhz Prezidenin Sərəncamı ilə yaranmış Medianın İnkişafı Agentliyinin keçirdiyi müsabiqələrdən aldığı maliyyə hesabına öz təminatını həyata keçirə bilir. Bu müsabiqələr nəticəsində saytlara və qəzetlərə maliyyə dəstəyi göstərilir. Amma bilirik ki, çap mediasının problemləri daha çoxdur”.
Ş.Ağayev qeyd etdi ki, üzümüzə gələn il Azərbaycan milli mətbuatının yaranmasının 150 illik yubileyidir və bu baxımdan çap mediasının dövlətdən gözləntiləri var. “Çox yaxşı olardı ki, mətbuatımızın yubiley ilində çap mediasında birdəfəlik yardım ayrılması təşəbbüsü olsun. Azərbaycanın iqtisadi potensialı buna imkan verir. Dövlətimizin, milli maraqların qorunmasında sözsüz ki, çap mediasının müstəsna rolu olub və bu gün də var. Bu baxımdan hesab edirəm ki, televiziya və radiolarla bağlı atılan bu addımlar çap mediasına və saytlara da şamil olunsa bizə çox böyük dəstək olar”-deyə Ş.Ağayev bildirdi.
Aqil Ələsgər: “Həm çap, həm onlayn mediaya belə bir dəstəyin olması, əlbəttə, çox yaxşı olardı”
“Yeni Çağ” media qrupunun rəhbəri Aqil Ələsgər də “Bakı-Xəbər”ə “Prezidentin bu Sərəncamı əlbəttə, alqışlanmalı bir sərəncamdır. Çünki televiziya və radiolara verilən bu maliyyə dəstəyi onların fəaliyyətində özünü göstərəcək. Eyni zamanda həm çap, həm onlayn mediaya belə bir dəstəyin olması da, əlbəttə, çox yaxşı olardı. Amma ümumilikdə həm onlayn, həm də çap mediası Azərbaycan Prezidentinin diqqətindədir və müntəzəm olaraq yardımlar edilməkdədir.
Dövlət rəsmiləri ilə görüşlərdə də səsləndirdiyim bir fikir var, yardım yerinə daha yaxşı olardı ki, media qurumları beş illik, on illik bir biznes plan təklif edəydilər, o biznes plan əsasında da subsidiya ayrılardı, KİV-lər bu subsidyalardan yararlanardılar, nəticələr ortaya qoyulardı. Yəni rəqabət mühiti yaranardı və ədalətli rəqabət mühitində kimlər qazanacaq, kimlər öz media qurumunu daha yaxşı inkişaf etdirəcək, bu daha real şəkildə ortaya çıxardı. Bu baxımdan hesab edirəm ki, ümumilikdə Azərbaycan dövlətinin mediaya dəstəyi digər dövlətlərlə müqayisədə olduqca mütərəqqi addımdır” - deyə bildirdi.
A.Ələsgərin sözlərinə görə, hətta bir çox inkişaf etməkdə olan ölkələrdə belə, bu dəstəyin olduğunu görmürük, lakin Azərbaycan dövləti, Azərbaycan Prezidenti hər zaman bizim medianın, jurnalistlərimizin yanındadır. “Xüsusilə son illərdə Medianın İnkişafı Agentliyinin fəaliyyəti də, eyni zamanda “Media haqqında” qanun qəbul olunması da, jurnalistlərin güzəştli ipotekadan yararlanması da Azərbaycan jurnalistlərinin birbaşa sosial rifah halının, həyat şəraitinin yüksəlməsi üçün önəmli rola malikdir”.
A.Ələsgər qeyd etdi ki, bütün bu məsələlər məhz Azərbaycan mediasının, jurnalistlərimizin diqqətdə olduğunun göstəricisdir.
İradə SARIYEVA