Azərbaycanın Putindən gözlədiyi tək üzrxahlıq deyildi, həm də... Cəza...
Təbriz Musayev: “İndi Azərbaycanın əsas gözləntisi odur ki, günahkarlar cəzalandırılsın”
Xəbər verildiyi kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.
Bütövlükdə, Putinin üzürxahlığı yaxşı haldır. İndi Azərbaycan gözləyir ki, Rusiya günahkar olan konkret şəxsləri cəzalandıracaq və ləyaqətli kompensasiya ödəyəcək. Azərbaycanı əsasən bu məqamlar maraqlandırır. Çünki nəzərə almaq lazımdır ki, Rusiya prezidenti üzr istədi. Bununla əslində sübut etdi ki, bəzilərin dediyi kimi heç də təyyarənin özündə hansısa nasazlıq, daxilində hər hansı partlayış olmayıb. Bir sözlə, bu hadisənin mənbəyi bortun, təyyarənin özü ilə bağlı deyil və kənardan buna mexaniki, fiziki, texnoloji müdaxilə olub. Putinin zənginin, üzürxahlığının birinci önəmi budur. İkincisi, Putin bununla müəyyən dairələrə mesaj verdi ki, Azərbaycanla Rusiyanın dostluğu, iki ölkə münasibətlərinin pozulmasına imkan verməyəcək. Hətta lazım gələrsə, ortada öz günahlarını da belə açıq səviyyədə etiraf etməyə gedəcəklər. O üzdən bu mesajı verdilər. Digər tərəfdən, bu həm də Qərbə bir mesaj idi. O mənada ki, MDB ölkələrdə olanları bu dövlətlər arasında nifaq predmetinə çevirmək siyasəti uğursuzdur.
“Digər məsələ isə dəymiş ziyana görə kompensasiyanın ödənilməsidir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, iki ölkənin bu məsələdə ortaq fikrə gəlməsi olduqca önəmli hadisədir: “Əvvəla, inkişaf səviyyəsindən, texniki imkanlarından asılı olmayaraq heç bir ölkə belə hallardan sığortalanmayıb. Məsələn, 1988-ci ildə ABŞ-ın raket gəmisi İrana məxsus mülki təyyarəni vurub və 290 nəfər faciəli şəkildə ölüb. Buna görə ABŞ İrandan heç üzr də istəmədi. O üzdən, bu kimi məsələlərdə təmkinli olmaq və bəzi nəticələri gözləmək lazımdır. Hansısa emosiyalara qapanaraq qərar vermək və nəticə çıxarmaq doğru deyil. Onu da nəzərə almaq lazımdır ki, Rusiya müharibə şəraitindədir. Belə bir şəraitdə olan ölkə aşırı dərəcədə hava məkanını qorumağa kökləndiyi üçün bəzən bilmədən sərnişin təyyarələri hədəf olur. Putinin üzürxahlığı həm də bunu ifadə edir. Onun bu qərarı imkan vermədi ki, iki ölkə arasında soyuqluq yaransın və üçüncü dövlətlər bundan öz məqsədləri üçün istifadə etsinlər. Qərbdə bəzi dövlətlər onsuz da maraqlıdılar ki, Rusiya-Azərbaycan münasibətləri kəskinləşsin. Onların bu istəkləri alınmadı. İndi Azərbaycanın əsas gözləntisi odur ki, günahkarlar cəzalandırılsın. Çünki belələri cəzalandırılmasa, sabah bir başqa ölkənin sərnişin təyyarəsini hədəf alacaqlar. O üzdən, mütləq bunda günahı olanlar cəzalandırılmalıdır. Digər məsələ isə dəymiş ziyana görə kompensasiyanın ödənilməsidir”.
Vidadi ORDAHALLI