İran Ermənistanla hərbi təlimə niyə bu qədər can atır?..
İbrahim Rüstəmli: “İranın bu cəhdlərinin arxasında dayanan amil odur ki, o, Ermənistanı itirmək istəmir”
İranın Ermənistana hər zaman isti yanaşdığı, Birinci və İkinci Qarabağ müharibələri dövründə, eləcə də sonrakı vaxtlarda bu ölkəyə yaxından dəstək verdiyi, onu müdafiə etdiyi məlumdur.
Ermənistan və İran arasında bir sıra sahələr üzrə əməkdaşlıq mövcuddur. İndi də belə görsənir ki, İran Ermənistanla birlikdə hərbi təlim keçirməkdə maraqlıdır. Artıq İran tərəfindən bu istiqamətdə fikirlər səsləndirilir. Belə ki, Azad İran Telegram kanalının ermənipərəst “Miran Press” Telegram kanalına istinadən yaydığı məlumata görə, Avrasiya və Qafqaz məsələləri üzrə iranlı bədnam ekspert Ehsan Movəhhediyan bildirib ki, Tehran Ermənistan və İran arasında birgə təlim keçirməyi təklif edib, ancaq dörd ildir ki, Ermənistandan heç bir cavab əldə edilməyib.
Movəhhediyan “Sünik əyaləti İran üçün vacibdir, ancaq erməni xalqının və hökumətinin də onu qorumağa iradəsi olmalıdır”-deyə bildirib.
Yeri gəlmişkən, Ermənistan ordusunun 2024-cü ildə ABŞ hərbiçiləri ilə birgə hərbi təlimləri keçirilib. Amma dörd ildir ki, Ermənistan İranın hərbi təlim təklifinə cavab verməyib.
İran Ermənistanla birgə hərbi təlimlərə niyə bu qədər cəhd edir?
“Düşmənlərinin İrəvanda oturması onu ciddi şəkildə narahat edir, ona görə də birgə hərbi təlim məsələsini gündəmə gətirir”
Hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə şərhində “Əvvəla, onu həmişə diqqət mərkəzində saxlamaq lazımdır ki, Ermənistan vassal bir dövlət kimi Rusiya və İran üçün həmişə vacib bir vasitə olub. Yəni İran da, Rusiya da Ermənistandan bir vasitə kimi istifadə edib. 44 günlük Vətən savaşından sonra Cənubi Qafqazdakı iqtisadi, siyasi konfiqurasiyalar kökündən dəyişib, yeni ritmlər, yeni coğrafi mövqelər, siyasi baxışlar və sair meydana gəlib. Bu baxımdan, artıq Ermənistanın həm Rusiya, həm də İran üçün strateji müttəfiq olduğunu iddia etmək çox çətindir. Çünki bu gün Ermənistan öz ərazilərində Amerikanın, Fransanın, bir sıra Avropa dövlətlərinin, belə demək mümkünsürsə, çox yüksək səviyyədə təşkil olunmuş tədbirlərini həyata keçirir. Eyni zamanda o ölkələr Ermənistanda hərbi qulluqçularını yerləşdirir. Bununla da həm Rusiyaya, həm də İrana mesaj vermək istəyir ki, biz artıq sizin müttəfiniz deyilik”-deyə bildirdi.
İ.Rüstəmli qeyd etdi ki, İranın Ermənistanla hərbi təlim keçmək istəyi təsadüfi deyil və o, Ermənistanı yenidən öz tərəfinə çəkmək istəyir: “Artıq İranın düşmənləri İrəvanda mövqe seçiblər. Düşmənlərinin İrəvanda oturması onu ciddi şəkildə narahat edir, ona görə də birgə hərbi təlim məsələsini gündəmə gətirir. Yeni geosiyasi reallıq baxımından yanaşsaq görəcəyik ki, bu gün Ermənistan daha çox ABŞ-ın, Fransanın və digər bu kimi dövlətlərin meydanına çevrilib. Bu dövlətlər də nə Rusiya, nə də İran üçün dost dövlətlərdir.
Bu gün ola bilsin, İran öz siyasi, iqtisadi və hərbi maraqlarına görə bu və digər şəkildə İrəvanla əlaqələrin bərpasına cəhd göstərsin. Amma məsələyə indiki reallıqlar baxımından yanaşsaq görəcəyik ki, İranın Avropa İttifaqı, Fransa və ABŞ-la münasibəti yoxdur. Eyni zamanda bu sözlər Rusiyaya da aiddir. Ancaq indi Ermənistanda bu ölkələrin dilində daha çox danışılır, onların iradəsi daha çox keçərlidir. Tarixdən də bilirsiz ki, Ermənistan İranın və Rusiyanın əlində marionet bir dövlət olub, ondan alət kimi istifadə olunub. İndi Ermənistan başqa dövlətlərin əlinə keçib.
İranın bu cəhdlərinin arxasında dayanan amil odur ki, o, Ermənistanı itirmək istəmir. İran Ermənistanı itirməklə Cənubi Qafqazda nüfuz dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırmış olur. Bu sözlər Rusiyaya da aiddir”.
İ.Rüstəmlinin fikrincə, Rusiya Ukrayna ilə problemlərini həll etdikdən sonra Ermənistan bu ölkəyə qarşı sərgilədiyi siyasətə görə cavab verməli olacaq: “Rusiya heç nəyi cəzasız qoymur. Bu sözləri İran haqqında da demək olar. Reallıq baxımından bu yaxın vaxtlarda mümkün olan deyil. Amma İranın İrəvana meyl göstərməsi onun siyasi və hərbi maraqları ilə bağlıdır. Burda “Zəngəzur dəhlizi” və digər məsələlərlə bağlı çox ciddi problemlər yaşandı. Azərbaycanın iradəsinin əksinə olaraq istər İran, istərsə də Rusiya tərəfindən bir sıra kürsülərdən müəyyən fikirlər səsləndirildi. Amma başa düşəndə ki, artıq İrəvanın ərazisində fransızca, ingiliscə danışırlar, bütün bunlar İran üçün çox xoşagəlməz bir haldır. İran, ola bilsin, İranla münasibətlərin bərpası üçün cəhd göstərsin, amma yaxın 30-40 il ərzində o münasibətləri bərpa etmək çox çətin olacaq. Çünki əlaqələr kökündən qırılıb. Halbuki, tarixi Azərbaycan torpaqlarında Ermənistan adlı dövlətin yaranmasında elə İranın, İran kimi də Rusiyanın çox böyük rolu olub. Onların özlərinin öz siyasi və hərbi məqsədləri üçün yaratdıqları dövlət indi başqalarının hərbi, siyasi, iqtisadi maraqları üçün bir trampilin rolunu oynayır. Əlbəttə, bu, Rusiya və İran üçün arzuolunmaz haldır”.
İ.Rüstəmli qeyd etdi ki, bir vaxtlar Ermənistanla İran Azərbaycana qarşı birləşdilər, amma indi tamam başqa dövrdür. “İndi vəziyyət dəyişib. Azərbaycan həm regionda, həm də beynəlxalq aləmdə öz sözünü deyən və mövqeyini müdafiə edən bir ölkə kimi tanınıb. Təbii ki, bu da Tehran-İrəvan, İrəvan-Moskva münasibətlərində də ciddi problemlər yaradır. Bu gün Azərbaycanın güclü və bütöv bir dövlət kimi varlığı İranın da, Rusiyanın da arzuolunmaz bir formada kənarda qalması ilə nəticələnib. Yəni artıq siyasətdə müəyyən diaqonal dəyişikliklər həyata keçirilib. Bu köklü dəyişikliklər nəticəsində ortaya çıxan və görünən budur ki, həm Rusiya, həm də İran Ermənistanı itirib”-deyə İ.Rüstəmli bildirdi.
İradə SARIYEVA