Prezident Neft Fondunun investisiya siyasətini dəyişdirdi...
Fərmana düzəliş aktivlərimizin daha yüksək kredit reytinqlərinə malik maliyyə alətlərinə yatırılmasını nəzərdə tutur
Məlum olduğu kimi, dövlət başçısı Neft Fondunun yaradılmasi və vəsaitlərinin idarə edilməsi barədə fərmana düzəliş barədə yeni bir fərman imzalayıb.
Həmin fərmanda sıravi oxucu üçün kifayət qədər mücərrəd və anlaşılmaz olan, peşəkar maliyyə alətləri sferasına aid terminlər işlədilib. Bu terminlər və anlayışlar bütün dünyada işlədilir, amma yalnız peşəkarlar arasında. Bu fərman mediaya izahla çıxmalıdır. Fərmanın bu cür dərc edilməsi sıravi vətəndaşda hec bir təəssürat yaratmır, amma yaratmalıdır - bu elə onun üçun dərc edilir. Əslində bu fərmanın izahı üçün uzun-uzadı bir məqaləyə də ehtiyac yoxdur. Prezidentin fərmanı barədə dərc edilən informasiyanı olduğu kimi oxuculara yenidən təqdim edirik, sonra isə bunun nə demək olduğunu izah edəcəyik.
- Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəlivi Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra ARDNF-in investisiya siyasəti ilə müvafiq altportfellərə bölünən investisiya portfelinə aşağıdakı aktivlər daxil ola bilər:
- investisiya dərəcəli kredit reytinqinə (Standard ənd Purz və ya Fiç və ya Mudiz) malik pul bazarları alətləri və mərkəzi (milli) banklarda əmanətlər;
- investisiya dərəcəli kredit reytinqinə (Standard ənd Purz və ya Fiç və ya Mudiz) malik borc öhdəlikləri;
- səhmlər;
- daşınmaz əmlak, o cümlədən infrastruktur;
- alternativ investisiya fondlarında iştirak payları;
- London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələr (qızıl);
- investisiya portfelinin məcmu dəyərinin 5 %-dən artıq olmaması şərtilə (o cümlədən 1%-ə qədəri reytinqi “B-” (Standard ənd Purz, Fiç) və ya “B3” (Mudiz) kredit reytinqindən aşağı olmayan, qalan hissəsi isə reytinqi “BB-” (Standard ənd Purz, Fiç) və ya “Ba3” (Mudiz) kredit reytinqindən aşağı olmayan) qeyri-investisiya reytinqinə malik borc öhdəlikləri və ya pul bazarları alətləri.
Əvvəlcə mətndəki terminlərə aydınlıq gətirək:
- Standard ənd Purz - Standard & Poor's (S&P, tam adı - S&P Global Ratings) maliyyə bazarlarının analitik tədqiqatı ilə məşğul olan Amerikanin S&P Global korporasiyasının törəmə şirkətidir.
- Mudiz - Moody's beynəlxalq reytinq agentliyi Moody's Investors Service-in daxil olduğu Amerika korporasiyasıdır. Kredit reytinqi, araşdırma və risq təhlili ilə məşğul olur.
Fiç - Fitch Ratings Inc. həmçinin reytinq agentliyi kimi tanınan Amerika korporasiyasıdır. Standard & Poor's və Moody's ilə birlikdə "Böyük Üçlük" (İngilis dili - "The Big Three") adlanan beynəlxalq reytinq agentliklərindən biridir.
Fərmanda göstərilən “B-”, “B3”, "BB-" və “Ba3” sözügedən agentliyin kredit reytinqlərinin qiymətləndirmə şkalalarıdır.
Fərmanın mahiyyəti ondan ibarətdir ki, ARDNF-yə toplanan vəsaitlər daha yüksək reytinq şkalalari ilə qiymətləndirilən dasınmaz əmlaka, səhmlərə, daha yüksək reytinqli şirkətlərin investisiyasına yönəldilsin. Belə olan halda ARDNF vəsaitləri ölkəyə daha çox dividend gətirə bilər.
İllərdir ki, ARDNF-də toplanan vəsaitlərin səmərəsiz idarə edilməsinə görə tənqidlərə tuş gəlirik. Əslində bunlar çox əsasli tənqidlərdir. Çünki elə il olur ki, öyündüyümüz ehtiyatların illik dividendi heç bir faizə də çatmır. Ona görə də bu aktivlərin idarə edilməsində səmərəliləşdirmənin aparılmasına ciddi ehtiyac var. Prezident də sözügedən fərmanı o məqsədlə imzalayıb.
Yeri gəlmişkən bir məsələyə də aydınlıq gətirək ki, mətbuatda bir çox hallarda strateji valyuta ehtiyatlari ilə ARDNF-nin aktivlərini qarışdırırlar, bunu valyuta ehtiyatı və ya "maliyyə yastığı" adlandırırlar. Dövlətin strateji valyuta ehtiyatları Azərbaycan Mərkəzi Bankı tərəfindən saxlanılır və son məlumata gorə onun həcmi təxminən 11 milyard dollar təşkil edir. Bu vəsait AMB-də müxtəlif valyuta şəklində saxlanılır və istənilən an hökumət bundan istifadə edə bilir. Lakin bizim bəzi hallarda "valyuta ehtiyatı" adlandırdığımız aktivlər valyuta şəklində deyil. Onlar dividend gətirmək üçün (loru dildə desək, pul qazanmaq üçün) müxtəlif maliyyə alətlərinə yatırılıb. Onların nağd valyutaya - pula çevrilməsi likvidlik səviyyəsindən asılıdır.
Likvidlik biznesdə, iqtisadiyyatda, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Aktivlərin pula çevrilmə imkanını əks etdirən iqtisadi termin likvidlik kimi müəyyən olunur. Daşıdığı ümumi anlamdan əlavə bu terminin daha konkret mənalarda işləndiyi məqamlar da vardır. Bank, müəssisə, qiymətli kağızlar, bazar, yatırımlar və s. ilə münasibətdə işlənməsindən asılı olaraq həm likvidliyin müəyyən edilməsi üsulları, həm də terminin özünün izah variantları bir-birindən fərqlənir. Likvidlik – sadəcə maddi dəyərləri pula çevirmək baxımından nəzəri imkan deyil, o həm də bunu cəld, rahat və maksimal dərəcədə faydalı şəkildə həyata keçirməkdir. Bu nisbi parametrlərdən asılı olaraq likvidliyin nisbi kəmiyyətini müəyyən edirlər. Yaxşı likvidlik göstəricisi və qeyri likvidlik kifayət qədər şərti xarakter daşıyır. Bu zaman bir sıra faktorlar nəzərə alınmalıdır.
Bir qədər də sadə dildə desək, strateji valyuta ehtiyatları dövlətin pulqabındakı pulu, aktuvləri isə əmlakının dəyəridir. Əmlakın pula çevrilməsi isə bazardakı məzənnədən, satış qiymətlərindən asılı olur. Ona görə də aktivlərin dəyəri hər an dəyişə bilir.
Akif NƏSİRLİ