"Videolar bizə deməyə əsas verir ki, təyyarəmiz xarici təsir altında qəzaya uğrayıb" - Rəşad Nəbiyev
Videolar bizə deməyə əsas verir ki, təyyarəmiz xarici təsir altında qəzaya uğrayıb.
Trend xəbər verir ki, bunu bu gün Azərbaycanın rəqəmsal və inkişaf naziri Rəşad Nəbiyev Aktau yaxınlığında qəzada həlak olan 3 ekipaj üzvü (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında keçirilən vida mərasimində deyib.
"Bakı-Qroznı istiqamətində hərəkət edən yad texniki və fiziki təsir vasitəsilə qəzaya uğraması nəticəsində biz dəyərli pilotlarımızı və sərnişinlərimizi itirmişik və bu gün onları son mənzilə yola salırıq.
Artıq verilmiş şahid ifadələri və eyni zamanda, təyyarə qalıqları bizim istər sosial şəbəkədən, istərsə də xəbər agentliklərindən gördüyümüz videolar bizə deməyə tam şəkildə əsas verir ki, bizim təyyarəmiz xarici texniki və fiziki təsir altında qəzaya uğrayıb", - nazir qeyd edib.