Azərbaycan-Rusiya münasibətləri barədə düşmən proqnozlar doğrulmadı...
Elşad Həsənov: “Prezident Putinin məlum zəngi bütün bu mənfur planları pozdu”
Məlum olduğu kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.
Ümumən, təyyarə qəzası ilə bağlı Azərbaycanın bədxahları, xüsusən də Ermənistan və ermənilər açıq bəyan edirdilər və ümid edirdilər ki, Rusiya-Azərbaycan münasibətləri pisləşəcək, azərbaycanlı miqrantlar sıxışdırılacaq, iki dövlət arasında ticarət azalacaq və s. Ancaq Putinin üzrxahlığı bütün bu gözləntiləri darmadağın etdi və necə deyərlər, bədxahların arzusu ürəyində qaldı.
“Hətta erməni seqmentlərində belə məlumatlar yayıldı ki, Qroznıdan azərbaycanlıları deportasiya etməyə çalışırlar”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənov hesab edir ki, 25 dekabrda baş verən təyyarə qəzası çox ağır hadisə idi: “Bu, hamımızı üzdü. Prezident İlham Əliyev Sankt-Peterburqa səfərini yarımçıq qoyaraq geri qayıtdı, təcili müşavirə keçirdi. Təxirəsalınmaz bütün tədbirlər görüldü. Prezident Əliyev bildirdi ki, müəyyən versiyalar var, amma biz komissiyanın rəyini gözləməliyik. Ancaq elə oldu ki, sosial şəbəkələrdə yayılan çoxsaylı videolar təyyarənin kənardan vurulduğunu ortaya qoydu. Təyyarədə qəlpə deşiklərinin olması bizə onu deməyə əsas verdi ki, hava gəmisi kənar müdaxiləyə məruz qalıb. Yəni ya dron hücumuna məruz qalıb, ya da hava hücumundan müdafiə sistemlərinin hücumuna məruz qalıb. Sonra elə oldu ki, Rusiya prezidenti təyyarənin kənar müdaxiləyə məruz qaldığını qeyd etdi. Ancaq bütün bunlarla yanaşı, ermənilər və Azərbaycana qarşı olan qüvvələr bərk sevinirdilər. Ona görə ki, bunun Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsinə gətirib çıxaracağını düşünürdülər. Hesab edirdilər ki, bu, son nəticədə Azərbaycana baha başa gələcək və ən çox itirən tərəf olacaq. Azərbaycanlı miqrantlar sıxışdırılacaq, ölkəmizə qarşı siyasi və iqtisadi təzyiqlər artacaq. Hətta erməni seqmentlərində belə məlumatlar yayıldı ki, Qroznıdan azərbaycanlıları deportasiya etməyə çalışırlar. Çünki bu, ermənilərin və erməni lobbisinin ən böyük arzusu idi. O üzdən, müxtəlif həqiqətə uyğun olmayan fikirlər yaymağa çalışdılar. Ancaq prezident Putinin məlum zəngi bütün bu mənfur planları pozdu. İki dövlət başçısının telefon danışığından sonra müəyyən məsələlərə aydınlıq gətirildi. Nəticədə Azərbaycana qarşı planlar baş tutmadı və bizi istəməyənlər böyük məyusluğa düçar oldular. O baxımdan hesab edirəm ki, Putinin atdığı addım doğru idi və bir sıra destruktiv planları pozdu. Azərbaycanlıları çeçen və ruslarla qarşı-qarşıya qoymaq cəhdləri də alınmadı”.
Vidadi ORDAHALLI