2024 Ermənistanın delimitasiyaya məcbur edildiyi ildir...
Namiq Alıyev: “Delimitasiya prosesi başlayanda elə zənn etdim ki, bu proses Qazaxdan başlayıb Arazın sahilində bitəcək”
2024-cü il Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması ili kimi yadda qaldı.
Bu proses Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunan razılaşması əsasında həyata keçirilib.
Dörd kəndin qaytarılmasından sonra delimitasiyanın davam edəcəyinə və Qazax rayonunun Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin də qaytarılacağağına ümid edilirdi, amma prosesin ardı gəlmədi.
“Yuxarı Əskipara kəndinin sakinləri ilə mütəmadi söhbətlər edirəm, hamıısı narahatdır ki, görəsən, bizim kəndlərimizin taleyi necə olacaq”
Bu məsələ ilə bağlı Qazax rayon Qızılhacılı kənd sakini, I dərəcəli Qarabağ müharibəsi qazisi, ehtiyatda olan kəşfiyyatçı zabit Alıyev Namiq Famil oğlu ilə söhbət etdik.
- Namiq müəllim, Qazaxın dörd kəndi Azərbaycana təhvil verildikdən sonra sizin təəssüratlarınızı öyrənmişdik. Siz sərhədlərin delimitasiyasının davam edəcəyinə və Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin də qaytarılacağına inandığınızı deyirdiniz. Amma delimitasiyanın davamı gəlmədi. Bu prosesin davamının gəlməməsi nə ilə bağlı idi. Niyə gəlmədi?
- Dörd kəndimiz geri qaytarılanda çox sevindik və 30 il həsrət qaldığımız kəndlərimizi ziyarət etdik. Təkcə mən yox, hamı, eləcə də hazırda işğal altında olan o üç kəndin əhalisi inanırdı ki, proses davam edəcək və o kəndlər də tezliklə qaytarılacaq. Delimitasiya prosesi başlayanda elə zənn etdim ki, bu proses Qazaxdan başlayıb Arazın sahilində bitəcək. Sadəcə olaraq, bir addım atıldı və sonra dayandı, çox təəssüf ki, delimitasiya davam etmədi. Bunun nə ilə bağlı olduğunu biz bilə bilmərik, bunun əsl səbəbini dövlətimiz bilir. Biz onu bilirik ki, Ermənistan bizim torpaqlarımızı işğal edib, ermənilər ərazilərimizi mənimsəyiblər və Qazaxın üç kəndi də, Naxçıvanın bir kəndi də geri qaytarılmalıdır.
- Camaat bu məsələ ilə maraqlanırmı?
- Delimitasiyanın ardının gəlməməsi bizi çox narahat edir. Təbii ki, bunun səbəbləri ilə hamımız maraqlanırıq. Sərhədçilərimizdən də soruşuruq ki, bunun ardı niyə kəsildi. Amma sualımıza cavab ala bilmirik. Ya onların da bu barədə məlumatları yoxdur, ya da nələrinsə bizə bildirilməsi məsləhət deyil. Sərhədçilərin bunu bizə deməməsi tam doğrudur. Sərhəd Qoşunları öz vəzifələrini icra edirlər. Rayon rəhbərliyi də deyir ki, narahat olmayın, hər şey yaxşı olacaq.
- Növbəti ildə o ərazilərin qaytarılmasına ümidiniz varmı?
- Azərbaycan dövləti bu istiqamətdə əlindən gələn hər şeyi edir ki, delimitasiya prosesi uğurla başa çatsın, o kəndlərimiz də bizə təhvil verilsin. Əgər Ermənistan və havadarları prosesə mane olmazlarsa 2025-ci ildə o kəndlərin də qayıtmasına ümid edirik. Öz doğma kəndimizdə yaşamaq, həyatımızı davam etdirmək həyatımızın mənasıdır. Orada yaşamaq həyatımızın anlamıdır. Yəni Qazaxın Sofulu, Barxudarlı və Yuxarı Əskipara, Naxçıvanın Kərki kəndinin işğaldan azad olunması ən böyük arzumdur.
- Delimitasiya prosesinin davam etməməsində Ermənistanın günahı nədir?
- Bu məsələdə Ermənistanın məsuliyyəti çox böyükdür. Ermənistan gündə bir bəhanə uydurur ki, delimitasiya getməsin, hansısa xəritələrdən danışır və sair. Burada Ermənistanla yanaşı xarici qüvvələrin, ona arxa-dayaq olan mərkəzlərin, qüvvələrin də təsiri var. Rusiyanın özünün də təsiri az deyil. Biz bunu aydın hiss edirik. Dünya çalxalanır, dünyada nə haqq, nə ədalət, nə də insaf qalıb. Aydın olur ki, bu prosesin uzanması, başa çatmaması kimlərinsə marağındadır.
Görünən odur ki, Ermənistan bizim əraziləri qaytarmaq istəmir. Ermənilərin özlərinin narazılığı və narahatlıqları var. Özləri etiraf edirlər ki, o torpaqlar onlara aid deyil, amma çıxmaq istəmirlər. Çünki bizim münbit torpaqlardan həm əkin, həm də otlaq sahəsi kimi istifadə edirlər. Bunlar təbii ki, narahat olacaqlar, münbit torpaqların əllərindən çıxmasını istəmirlər. Onu da deyim ki, sadə ermənilər də müharibədən beziblər. Müharibəni xalqlar yox, siyasətçilər edir. Xalqlar müharibə istəmir, evində-eşiyində dinc yaşamaq istəyir.
Amma məqam gəlib yetişəcək və biz yenə də öz istəyimizə nail olcağıq. Demək zamana ehtiyac var. Mən Xankəndiyə getmişdim, dostlara dedim ki, mən yaşadım. Nənələrimizin sözü ilə desəm, Xankəndini gördüm daha qəm etmərəm. İndi də deyirəm, bu prosesin davam etməsini, qalan dörd kəndimizin də qaytarılmasını görsəm, qəm yemərəm. Mən Yuxarı Əskipara kəndinin sakinləri ilə mütəmadi söhbətlər edirəm, hamısı narahatdır ki, görəsən, bizim kəndlərimizin taleyi necə olacaq. Hər gün onlar o sualları verirlər, amma cavab yoxdur.
- Növbəti ildə gözləntiləriniz nədir?
- Biz kəndimiz qaytarılandan sonra getdik, ayaqlarımızı o torpaqlara basdıq. Belə bir söhbət var ki, 2025-ci ilin yanvar ayından o dörd kənddə tikinti-quruculuq işlərinə başlanılacaq. Kəndlərimiz yenidən qurulacaq. Amma bizi indi Qazaxın üç, Naxçıvanın isə bir kəndi maraqlandırır. Gözləyirik, görək necə olacaq.
İradə SARIYEVA