34 min sakin - Azərbaycan üçün pis rəqəm deyil…
Aydın Hüseynov: “Soydaşlarımızın həmin bölgədə təhlükəsiz yaşaması, fəaliyyət göstərməsi baxımından da işlər həyata keçirilir”
2024-cü il doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan sakinlər üçün yaddaqalan oldu. Belə ki, bu il Şuşa, Cəbrayıl və Xocalı şəhərlərinə, Sus və Ballıca kəndinə ilk dəfə köç baş tutdu.
Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur qurulur, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün şərait yaradılır. İndiyə qədər 5 şəhər, 5 kənd olmaqla, 10 yaşayış məntəqəsi üzrə köçürülmə olub.
Azərbaycanın göstərdiyi istiqrarlı davranış ölkəmizin beynəlxalq arenadakı nüfuzunu və bölgəyə olan marağı günü-gündən artıraraq, xarici investisiyaların prioritetlərinin dəqiq müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Böyük Qayıdış”la bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı işğaldan azad edilmiş torpaqlarımıza yenidən həyatın qaytarılmasında mühüm rola malikdir. Dövlətimiz tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrasturukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir. Bir zamanlar dədə-baba yurdlarını tərk etməyə məcbur qalan soydaşlarımız indi doğma torpaqlarına ləyaqət və böyük fəxrlə qayıdırlar. Hazırda işğaldan azad olunmuş ərazilərdə 30 min nəfərdən çox yurddaşımız məskunlaşıb.
“Artıq 34 mindən çox soydaşımız öz yurduna, vətəninə köçüb, orda yaşayır. Bunun çox böyük tarixi əhəmiyyəti var”
Millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ölkə başçısı İlham Əliyevin qətiyyəti sayəsində 30 ildən sonra torpaqlarımız işğaldan azad edildi: “Torpaqlarımızın işğaldan azad edilməsi bizim tarixi nailiyyətimizdir. Eyni zamanda, başlıca məqsəd yurdlarından didərgin düşən soydaşlarımızın öz torpaqlarına geri qayıtmasıdır. Bu istiqamətdə çox böyük işlər həyata keçirilir. Məlumdur ki, Vətən müharibəsindən sonra həm Qarabağ, həm də Şərqi Zəngəzurda böyük quruculuq, bərpa işlərinə başlanıldı. Yolların çəkilməsi, infrastrukturun bərpa edilməsi, iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi soydaşlarımızın işğaldan azad edilən bölgələrə geri qayıdışına səbəb olub. Artıq 34 mindən çox soydaşımız öz yurduna, vətəninə köçüb, orda yaşayır. Bunun çox böyük tarixi əhəmiyyəti var. O torpaqlara geri qayıtmaq bizim mənəvi haqqımız idi, bu, dünyada ədalətin bərpa olunması idi”.
Həmsöhbətimiz onu da əlavə etdi ki,Qarabağda həyatın bərpa olunması üçün ölkə başçısı tərəfindən böyük proqram qəbul olunub. Böyük Qayıdış dövlət proqramı çərçivəsində görülən işlər təqdirəlayiqdir: “Məlumdur ki, indiyə qədər dövlət büdcəsindən 19 milyard vəsait ayrılıb. Bununla yanaşı, digər tədbirlər də həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur gələcəkdə böyük iqtisadi potensiala malik regionumuz olacaq. Soydaşlarımızın həmin bölgədə təhlükəsiz yaşaması, fəaliyyət göstərməsi baxımından da işlər həyata keçirilir”.
Günel CƏLİLOVA