“İmralı missiyası” iflasa uğradı – Öcalanla görüşdə PKK lideri nə açıqlayıb?
Xəbər verdiyimiz kimi, Türkiyə Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM Partiya) İstanbuldan olan deputatı Sırrı Süreyya Öndər ilə Vandan olan deputat Pervin Buldan həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşüblər. Nümayəndə heyətinin Öcalanla görüşü 4,5 illik fasilədən sonra baş tutub və iki saat davam edib.
Görüşün səbəbi nədir? Bu, Öcalanın çıxmasına hazırlıq hesab oluna bilərmi?
Globalinfo.az-a danışan siyasi şərhçi Aydın Quliyev deyib ki, Öcalan 30 ilə yaxındır Türkiyə həbsxanasındadır:
“Onun həbsdə və azadlıqda olmasının PKK terror təşkilatının fəaliyyətinə nəzərəçarpan bir təsir göstərmədiyi düşüncəsindəyəm. Əgər bu dövrlərdə PKK- nın fəaliyyətində hansısa fərqlər olubsa, bu, Öcalanın həbsdə olub-olmaması ilə bağlı deyil.
Bu mənada Türkiyə hakimiyyətinin Öcalana xüsusi nümayəndə göndərməsinin nəyisə dəyişə biləcəyini düşünmürəm. Öcalanın bu gün PKK üzərində ciddi bir təsiri yoxdur. Çünki PKK-nın rəhbərliyində əl dəyişib. PKK çoxdan Öcalanın yox, beynəlxalq güclərin inhisarı altındadır”.
Siyasi şərhçinin sözlərinə görə, Öcalan azadlıqda olanda PKK tək Qəndildən idarə olunurdusa, bu gün onun tabe olduğu daha çeşidli qüvvələr var:
Aydın Quliyev
“Bəlkə də Türkiyə hakimiyyəti PKK- nın üzərində Öcalanın nə qədər təsirə malik olduğunu öyrənmək üçün onun yanına nümayəndələrin göndərilməsini zəruri sayıb. Ən dəqiqini bu yöndə cənab Dövlət Baxçalı bilər. Ancaq fikrimcə Öcalanın çağırışları təşkilata hər hansı təsiri göstərmək gücündə olmayacaq. Ona görə də Öcalanın çağırışlarına bel bağlamaqdansa, PKK-ya təzyiqləri gücləndirmək və onu dəstəkləyən beynəlxalq siyasi dairələrlə iş aparmaq lazımdır. Əsas güc PKK-nın özünə təzyiqlərə yönəldilməlidir.
DEM Parti detayları paylaştı... Öcalan çağrı yapmaya hazır!
Görürsünüz, Buldanın və Öndərin Öcalanla görüşünün nəticələri ilə bağlı konkret ümidverici məlumat yoxdur. Bu o demək ola bilər ki, görüş missiyası uğursuz nəticələnib. Öcalan təşkilat üzərində hər hansı təsirinin olmadığını da deyə bilər. Əks halda PKK-nın Öcalan həbsdə olduğu dövrdəki cinayətlərinin məsuliyyəti avtomatik olaraq Öcalanın da ayağına yazılmış olacaq. Məncə “İmralı missiyası” gözlənilən nəticəni vermədi”.
Safura Bənnayeva
Globalinfo.az