"Təyyarəmizə qeyri-qanuni müdaxilə olunub" - İlham Əmirov
Bizim təyyarəmizə qeyri-qanuni müdaxilə olunub. Trend xəbər verir ki, bunu bu gün AZAL-ın vitse-prezidenti İlham Əmirov Aktau yaxınlığında qəzada həlak olan 3 ekipaj üzvü (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında keçirilən vida mərasimində deyib.
"Qazaxıstanda beynəlxalq standartlara uyğun olaraq texniki-araşdırma komissiyası yaradılıb.
Təyyarənin texniki-nəzarət vasitələri hələlik araşdırılmayıb, hələlik oxunmayıb. Komissiya bu işlə məşğuldur.
Sağ qalan heyət üzvlərindən və sərnişinlərin verdiyi ifadələrdən, eyni zamanda, təyyarə qəzasının məkanına baxışdan əldə olunan məlumatlar bizə deməyə birmənalı əsas verir ki, bizim təyyarəmizə qeyri-qanuni müdaxilə olunub.
Təyyarəyə qeyri-qanuni güc təsiri olub. Nəticədə təyyarə güclü şəkildə zədələnib və təyyarənin əsas idarəetmə hissələri sıradan çıxıb.
Belə bir çətin vəziyyətdə bizim pilotlarımız, heyət üzvləri, təyyarə bələdçiləri böyük soyuqqanlılıq, fədakarlıq və yüksək peşəkarlıq nümayiş etdiriblər", - o qeyd edib.