Bütün estetik cərrahların sənədlərini toplayırlar - 2025-də çoxlu həbslər olacaq...
İlqar Hüseynli: “Mümkündür ki, bu məsələ ilə bağlı yeni həbslər də olsun”
Ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer alıb. Səsləndirilən iddialarla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılıb və şübhəli məqamlar müəyyən edilib.
Əldə olunan məlumatlara əsasən, bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranıb. Bununla bağlı Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.
Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.
“Bu boşluqdan istifadə edən həmin o yetkililər, təbii ki, kifayət qədər pul alaraq, korrupsiyaya yol verərək qanunsuz ixtisasdəyişmələr həyata keçiriblər”
Məsələyə şərh verən ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə “Əvvəla, onu deyim ki, bu sahədə çox ciddi qanun pozuntusuna yol verlib. Burda səhiyyənin biznesləşdirilməsi kimi uğursuz bir korrupsiya əməli həyata keçirilib. Estetik cərrahiyə sahəsində daha çox pul əldə etmək, böyük gəlirə malik olmaq maraqları insanları bu istiqamətə yönəldib”-deyə bildirdi.
İ.Hüseynli qeyd etdi ki, Səhiyyə Nazirliyi tərəfindən ixtisasdəyişmə prosesi dayandırılıb və hər kəs öz ixtisasına uyğun şəkildə sertifikasiyadan keçə bilər, bu birmənalı olaraq qanundur. “Hansı ixtisas qruplarından olan həkimlər Səhiyyə Nazirliyindən digər ixtisas üzrə sertifikasiya alıb ixtisasdəyişmə ediblərsə, bu birmənalı olaraq qanun pozuntusudur. Bununla bağlı kifayət qədər ciddi ölçülər götürülməlidir. Fəsadlar nə olacaq? Pasiyent əziyyət çəkir. Öz ixtisasını dərindən bilməyən, prosesə tam olaraq yiyələnməyən həkimlər qısa müddətə başqa ixtisasla məşğul olmaq üçün hüquqi sənəd alır və bu da peşəkarlıq baxımından çox ciddi problemlərə yol açır. Düzdür, müəyyən ixtisaslar üzrə kadr, həkim çatışmazılığı var. Xüsusən də regionlarda. Buna görə də biz deyirdik ki, Tİbb Universitetinin məzunlarının bir hissəsinə hələlik keçid ixtisaslar vermək lazımdır və 6 ay müddətində onları həmin ixtisaslarla təmin edib bölgələrdə, eləcə də digər yerdə çatışmayan həkim boşluğunu aradan qaldırmağa nail olmaq daha doğru olardı.
Burda Səhiyyə Nazirliyi ixtisasdəyişməni kökündən ləğv etməklə, yaxud Tibb Universitetindən məzun olan bir xeyli insanı konveyer şəklində yalnız ailə həkimi kimi buraxmaqla bu prosesdə ciddi boşluq yaradıb. Bu boşluqdan da istifadə edən həmin o yetkililər, təbii ki, kifayət qədər pul alaraq, korrupsiyaya yol verərək qanunsuz ixtisasdəyişmələr həyata keçiriblər. Onlar bununla həm o boşluğu doldurmaq imkanına yiyələniblər, həm də ciddi korrupsiya cinayəti ediblər. Burda məsələyə kompleks yanaşmaq lazımdır”.
İ.Hüseynli onu da qeyd etdi ki, ixtisaslarını dəyişib və artıq peşəkarlaşan, fəaliyyət göstərən müəyyən digər ixtisas sahələri var və o mütəxəssislərə şərait yaratmaq lazımdır. “Plastik cərrahiyyəni bura aid etmirəm. Təbii ki, plastik cərrahiyyə bazarında çox ciddi biabırçılıqlar, böhran baş verir. Burada ölkənin simasına çox ciddi ziyan vurulur, ölkə vətəndaşlarının estetik görüntüləri pozulur. Açığı desək, bu həm də bir əxlaq məsələsidir. Bunu mənim baxışlarım deyir. Amma bununla yanaşı, Azərbaycanda digər ixtisas qruplarında, cərrahiyyədə, radiologiyada kifayət qədər çatışmazlıqlar var. Ölkə fizoterapevt ixtisası baxımından çox ciddi əziyyət çəkir. Mənə elə gəlir ki, terapiya ixtisasını bitirmiş şəxslərə fizoterapiya kursu keçib ixtisasdəyişməyə imkanlar yaratmaq lazımdır. UZİ diaqnostikada çox ciddi çatışmazlıqlar, endokrinologiyada çox ciddi böhran var. Yəni düşünürəm ki, kimlərsə bu və digər formada bu ixtisaslar üzrə dəyişikliklər edibsə onlara bir amnistiya tətbiq edib onların işini davam etdirməsinə şərait yaratmaq lazımdır. Müəyyən tibb ixtisas qrupu var ki, həkimlərin peşəkarlaşması üçün beş-altı ay zaman yetərlidir və onlara da şərait yaratmaq lazımdır, o kursları bitirməklə ixtisasdəyimə etsinlər, ölkədə o sahələr üzrə mövcud boşluqları doldursunlar”.
Aidiyyəti dövlət qurumlarının təmsilçiliyi ilə komissiyanın yaradılmasına müsbət yanaşan ekspert bildirdi ki, komissiyanın araşdırması nəticəsində indiyə qədər gizlin qalan çox məsələlər açıla bilər. Bu istiqamətdə qanunsuzluğa yol verənlərin cinayət məsuliyyətinə cəlb edilməsini də istisna etməyən İ.Hüseynli qeyd etdi ki, komissiya o şəxləri müəyyən edəcək. “Mümkündür ki, bu məsələ ilə bağlı yeni həbslər də olsun. Bilirsiz ki, artıq bununla bağlı Səhiyyə Nazirliyinin müvafiq strukturuna rəhbərlik edən şəxs həbs olunub. Bildiyim qədər ev dustağıdır, hələ məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməyib. Amma məlumatıma görə, müəyyən əməkdaşlarla bağlı həbs qətimkan tədbiri seçilib. Ola bilər bu həbslər davam etsin”-deyə İ. Hüseynli qeyd etdi.
İradə SARIYEVA