Ermənistan hansı Qara dəniz kabelinə qoşulmaqdan danışır - olmaya Azərbaycanın...
Firdovsi Şahbazov: “Ermənistan yalnız o zaman sözügedən layihəyə qoşula bilər ki...”
“Ermənistan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməyə hazırdır ki, bu da Ermənistan regional “Qara dəniz sualtı kabeli” layihəsində iştirak edəcəyi təqdirdə mümkündür”. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almaniyanın xarici işlər naziri Annalena Berbokla İrəvanda görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Daha sonra Mirzoyan bunları deyib: “Mən həmkarıma Ermənistanın Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu təqdim etdim və bu, Ermənistan regional “Qara dəniz sualtı kabeli” layihəsində iştirak edəcəyi təqdirdə mümkün olacaq”.
Maraqlıdır, Ermənistan hansı “Qara dənuz sualtı kabel” layihəsinə qoşulmaq istəyir? Bəlkə Erməniistan Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin Avropaya ötürülməsi barədə imzalanan kabel layihəsinə qoşulmağı nəzərdə tutur?
“Burada Avroittifaqın məqsədi odur ki, Ermənistanın da Rusiyadan enerji asılılığı ortadan qalxsın”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, burada söhbət Azərbaycanın iştirak etdiyi kabel layihəsindən gedir: “Qara dənizlə elektrik enerjisinin kabellə ötürülməsi dedikdə ortada bir layihə var. Məsələ ondadır ki, 2022-ci ilin dekabr ayında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişi imzalanıb. Saziş Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını təmin edəcək. Bu kabellə ötürülən elektrik enerjisi daha sonra Macarıstana və Avropa nəqletmə sistemi vasitəsilə qitənin qalan hissəsinə nəql ediləcək. Plan bundan ibarətdir. Bu saziş əməkdaşlığın geniş potensialını yaradır. Hazırda bu layihə üzərində iqtisadi-texniki dəyərləndirmə aparılır. Buradan da müsbət qərarın çıxması gözlənilir ki, Azərbaycan bu xətt vasitəsilə Avropaya 4 qiqavatlıq külək və ya günəş enerjisi ixrac etsin. Belə görünür ki, Ermənistan da bu layihəyə qoşulmağı nəzərdə tutur. Üstəlik, Avropa İttifaqının bu yöndə verdiyi dəstək erməni tərəfini həvəsləndirir. Almaniyanın xarici işlər naziri Annalena Berbok İrəvanda ölkəsinin və Ermənistanın Rusiyadan enerji asılılığının olduğunu xüsusi qeyd etdi. Bildirdi ki, Almaniya Rusiyadan enerji asılılığına son qoymaq üçün bir sıra işlər görür. Burada Avroittifaqın məqsədi odur ki, Ermənistanın da Rusiyadan enerji asılılığı ortadan qalxsın. Çünki Ermənistan kiçik ölkədir. Ancaq bunun yolu Ermənistanın qonşuları ilə xoş münasibətlər qurmasından keçir. Ona görə də Ermənistan yalnız o zaman sözügedən layihəyə qoşula bilər ki, Azərbaycanla sülh sazişi imzalasın, kommunikasiya xətlərini açsın. Yoxsa bütün bunlar olmadan Qərb istəyir deyə Ermənistanın bu layihədə iştirakı mümkün görünmür”.
Vidadi ORDAHALLI