Rusiya ikitərəfli Bakı-İrəvan sazişini istəyir, istəmir?..
Məhəmməd Əsədullazadə: “Tərəflər arasında sülh olsa, o zaman Moskvaya elə bir ehtiyac olmayacaq”
Məlum olduğu kimi, Qərb ölkələri Brüssel və Vaşinqtonda Azərbaycanla Ermənistan arasında danışıqların keçirilməsi təşəbbüsü ilə çıxış edirlər. O cümlədən, Moskva da bəyan edib ki, iki tərəf arasında sülh sazişinin imzalanması üçün danışıqları təşkil edə bilər.
Maraqlıdır, indiki şəraitdə Rusiyanın Azərbaycanla Ermənistan arasında ikitərəfli qaydada sülh sazişinin imzalanmasında nə qədər maraqlı olduğu görsənir? Aydın məsələdir ki, beynəlxalq vasitəçilərin iştirakı ilə sülh sazişi imzalanmayacaq. Ona görə ki, Moskvanın vasitəçiliyini Qərb qəbul etmir. Brüssel və Vaşinqtonun vasitəçiliyini də Moskva qəbul etmir. İndiyə qədər də heç bir razılaşma qəbul olunmayıb. Əldə olunan razılaşmalar da həyata keçirilməyib. Belə şəraitdə də ən ideal format ikitərəfli formatdır. Moskva indiki şəraitdə Azərbaycanla Ermənistan arasında ikitərəfli formatda sülh sazişinin imzalanmasını istəyir, yoxsa istəmir?
“Rusiya heç vaxt istəməz ki, Qərbin vasitəçiliyi ilə tərəflər arasında sülh sazişi imzalansın”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya, ümumiyyətlə, sözügedən məsələnin birdəfəlik həllini istəmir: “Uzun illər Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlı siyasəti belə olub. Çünki bu minvalla Rusiya həm regionda varlığını davam etdirir, həm də bu iki ölkəni öz təsiri altında saxlamağa nail olur. Ona görə ki, tərəflər arasında sülh olsa, o zaman Moskvaya elə bir ehtiyac olmayacaq. Düzdür, Rusiya iki ildir Ukrayna bataqlığında böyük resurslar itirdiyi üçün Cənubi Qafqazda mövqeləri zəifləyib. Ancaq bu o demək deyil ki, Rusiya bölgə ilə bağlı ambisiyalarından əl çəkib. Əsla belə deyil. Bəli son dövrlər Azərbaycanla Ermənistan arasında qarşılıqlı kompromislərlə bağlı təşəbbüslər artıb. Qarşılıqlı kompromislərə yönəlik tərəflər arasında istəklər özünü göstərir. Azərbaycan 32 erməni əsirin qaytarılmasına, qarşı tərəf 2 nəfər Azərbaycan əsgərinin bizə təhvil verilməsinə razılaşıb. Ermənistan COP 29 sammitinin Bakıda keçirilməsi ilə bağlı Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Bütün bunlar müsbət göstəricilərdir. Ancaq Rusiya heç vaxt istəməz ki, Qərbin vasitəçiliyi ilə tərəflər arasında sülh sazişi imzalansın. Ən yaxşı halda, Moskva istəyər ki, Kremlin vasitəçiliyi ilə razılıq olsun. O da yarımçıq xarakterli. İstədikləri vaxt yenidən qızışdırsınlar”.
Vidadi ORDAHALLI