Şuşada qeyri-rəsmi Türk Zirvəsi dünyaya hansı mesajları verəcək...
Mübariz Göyüşlü: “Toplantının sonunda veriləcək mesajlar, bəyanatlar, açıqlamalar düşmənə Azərbaycanın tək olmadığını bildirəcək”
Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək. Bu barədə Astanada Türk Dövlətləri Təşkilatının “Türk əsri” süarı altında keçirilən 10-cu yubiley Zirvə toplantısının yekunlarına dair qəbul edilmiş bəyannamədə deyilir.
Qeyd edilir ki, Azərbaycanın TDT dövlət başçılarının qeyri-rəsmi görüşünün 2024-cü il aprelin sonu - mayın əvvəlində Şuşada çağırılması təklifi nəzərə alınmalıdır.
Maraqlıdır, Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının görüşünün nə kimi əhəmiyyəti var? Ümumiyyətlə, bu görüş beynəlxalq ictimaiyyətə hansı mesajları verəcək?
“Bu görüş Ermənistanın havadarlarına Türk dünyasının mesajıdır ki, biz Azərbaycanı dəstəkləyirik”
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Şuşada toplanması ideyası dəstək qazanmalıdır: “Həm Azərbaycanın, həm də türk dünyasının ziyalılarının arzusu, istəyi idi ki, Şuşada bir araya gəlsinlər”.
Həmsöhbətimiz hesab edir ki, Türk Dövlətləri Təşkilatının güclənməsi, birlikdə olması möhtəşəm hadisədir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Şuşada toplantı keçirmək istəyini ictimaiyyət dəstəkləməlidir: “Bu görüş həm də Ermənistanın havadarlarına Türk dünyasının mesajıdır ki, biz Azərbaycanı dəstəkləyirik. Onlar siyasət, geosiyasət meydanında Azərbaycanın tək olmadığını bəyan edir. Eyni zamanda, bu görüş vasitəsilə beynəlxalq ictimaiyyətə çağırış olunacaq ki, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr haqq davasında Azərbaycanın yanındadır”.
M.Göyüşlü ümid edir ki, gələn il türk dövlətlərinin başçıları Şuşada qeyri-rəsmi şəkildə olsa da bir araya gələcəklər. Şuşada böyük bir toplantının keçirilməsi gözlənilir: “O toplantının sonunda veriləcək mesajlar, bəyanatlar, açıqlamalar düşmənə Azərbaycanın tək olmadığını bildirəcək”
Günel CƏLİLOVA