Astana məruzəsinin səsi türk dövlətlərinin sərhədlərini aşdı - Niyə?..
Şakir Ağayev: “Son bir neçə ildə Azərbaycanın apardığı xarici siyasət dünyanın diqqət mərkəzindədir”
Prezident İlham Əliyevin noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə iştirakı, toplantıda səsləndirilən fikirlər və keçirilən ikitərəfli görüşlər dünya mediası tərəfindən geniş işıqlandırılıb.
Türkiyənin “TRT Haber”, Anadolu Agentliyi, “Yeni Şafak”, “En son haber”, “Haberler”, “Cumhuriyet”, “Son dakika” və digər media qurumları tərəfindən yayımlanan xəbərlərdə Prezident İlham Əliyev tərəfindən Türk Dövlətləri Təşkilatının nüfuzunun bundan sonra da artacağına əminlik ifadə edildiyi, təşkilata üzv ölkələrin təhlükəsizlik, müdafiə və müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığının daha da artırmasının əhəmiyyətinin vurğulandığı bildirilir.
Onu da qeyd edək ki, İ.Əliyevin Astanada çıxışına tək türk dünyası mediası yox, başqa regionların mediası da diqqət ayırıb. Macarıstanın “Hvg”, “24.hu”, “hirstart”, “rtl”, “444.hu”, “Magyar narancs”, “Telex”, “Szeged”, “Hirnavigato” saytları Baş nazir Viktor Orbanın Zirvə görüşündə Prezident İlham Əliyevi regionda sabitliyə nail olunması istiqamətində göstərdiyi səylərə və nailiyyətlər münasibətilə təbrik etdiyini, Qarabağın bərpası işlərinə uğurlar arzuladığını oxucuların diqqətinə çatdırıb.
Bir sözlə, dünya mediası Prezident İlham Əliyevin Astanada çıxışına diqqət göstərib. Dünyanın marağının kökündə nə durur?
“Müharibədən qalib çıxan bir ölkənin iqtisadiyyatının inkişaf etməsi də beynəlxalq ictimaiyyətin marağına səbəb olur”
"Novoe vremya" qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son bir neçə ildə Azərbaycanın apardığı xarici siyasət dünyanın diqqət mərkəzindədir: “İşğal altında olan torpaqların azad olunması dünya gündəmindədir. Son üç ildə Qarabağda aparılan quruculuq işləri, iqtisadi inkişaf, eyni zamanda antiterror əməliyyatı zamanı dinc əhalinin zərər görməməsi hər kəsin nəzərindədir. Eyni zamanda, Azərbaycanın öz suveren ərazisini tam bərpa etməsi dünya təcrübəsində az-çox qeydə alınır. Təbii ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Xarici dövlətlər, dünya mediası da buna diqqət yetirir. Bununla yanaşı, müharibədən qalib çıxan bir ölkənin iqtisadiyyatının inkişaf etməsi də beynəlxalq ictimaiyyətin marağına səbəb olur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu gün Azərbaycan türk dünyasında əhəmiyyətli rol oynayır. Azərbaycan orta dəhlizin əsas mərkəzidir, Cənubi Qafqazda əsas rol oynayan ölkələrdən biridir.
Günel CƏLİLOVA