Qaz təhlükəsizliyi qaydalarına səhlənkar münasibət hələ davam edir, fəsadlar da artır...
İlqar Hüseynli: “Son vaxtlar “pyatiminutkalar”ın qapalı şəraitdə quraşdırılması nəticəsində bu tip hadisələr baş verir”
Dekabrın 3-də Sumqayıtda, 13-cü mikrorayonda yerləşən 9-cu binada qaz sızması nəticəsində güclü partlayış baş verib, həyatını itirənlər olmasa da, yanıq xəsarəti alanlar var. Həmin gün Abşeron rayonu, Novxanı kəndində də qazdan partlayış olub.
Baş verən hadisələrlə bağlı SOCAR "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev mətbuata “Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində, eləcə də Abşeron rayonu, Novxanı kəndində partlayış baş verən hər iki mənzildə "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən yoxlama aparılıb” - deyə bildirib. O, partlayışın baş verdiyi mənzillərdə hələ ki, texniki şərtin tələblərindən kənara çıxmaların aşkarlanıb-aşkarlanmadığı barədə istintaq aparıldığından bununla bağlı məlumat verə bilmədiyini söyləyib.
Ümumiyyətlə, son dövrlər ölkəmizdə qaz sızmasından partlayışların tez-tez baş verdiyinin şahidi oluruq. Bir çox hallarda eşidirik ki, hadisələr abonentlərin ehtiyatsızlığı, texniki qaydalara əməl etməməsi nəticəsində baş verir.
Bəs məsul qurumların nümayəndələri necə, mənzillərdə texniki baxış keçirirlərmi?
Yəni qanunla texniki baxış keçirilməlidir. Bəlkə vətəndaş doğrudan da səhv edir, bəs qurumlar hansı tədbirlər görməlidir?
“Vətəndaş bəzən mənzilini qızdırmaq üçün öz bildiyi “üsuldan” istifadə edir”
Sosial-iqtisadi sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə “Bilirsiz ki, “Azərqaz”ın regional və rayon strukturlarında texniki nəzarət şöbələri fəaliyyət göstərir. Bu texniki-nəzarət şöbələrinin kifayət qədər əməkdaşları var. Qaz qurğularının yerləşdirilməsi ilə bağlı müvafiq standartlar nəzərdə tutulub. Xüsusən son vaxtlar “pyatiminutkalar”ın qapalı şəraitdə quraşdırılması nəticəsində bu tip hadisələr baş verir. Yəni bu qurğunun hava ilə təması olmur”-deyə bildirdi.
İ.Hüseynlinin sözlərinə görə, hər bir abonent qaz qurğularının quraşdırılması zamanı onun yerləşdirilməsi, doğru alətlərə konstruksiya olunması və digər məsələlərlə bağlı tamamilə evin layihə strukturuna uyğun olaraq “Azərqaz”ın müvafiq idarələrindən əvvəlcədən razılıq, texniki şərt alır. “Bu texniki şərt olmadığı halda qaz qurğuları quraşdırılarsa bunun üçün cəza mexanizmləri var, həm cərimələr tətbiq olunur, həm də həmin qanunsuz konstruksiya olunmuş avadanlıqlar sökülür və o layihələnmə tamamilə aradan qaldırılır. Yəni bu proseslərə nəzarət də “Azərqaz”ın müvafiq texniki şöbələri tərəfindən həyata keçirilir. Burada da bəzən vətəndaş mənzilini qızdırmaq üçün öz bildiyi “üsuldan” istifadə edir, bəzən texniki şərtlərə əməl etmədən evində daim isti suyun olması məqsədilə bu avadanlıqları quraşdırır. Bütün hallarda bu yanlışdır və vətəndaşlar özləri də öz həyatları ilə bağlı məsuliyyət daşımalıdırlar. Bu işi qaz qurğularının müvafiq layihələrində öz əksini tapmaqla aidiyyəti qaz idarələrinin əməkdaşlarının, hətta deyərdim ki, çilingərlərinin icrası ilə görməlidirlər. Nəticədə də biz bu ölüm hallarını minimuma endirə, faciələrin qarşısını ala bilərik”.
İ.Hüseynli hesab edir ki, vətəndaşlar özləri diqqətli olmalıdır və mənzilində qaz qurğuları quraşdırarkən mütləq müvafiq quruma müraciət etməlidirlər.
İradə SARIYEVA