Konstitusiya Məhkəməsi hakimiyyətin və müxalifətin müraciətlərini rədd etdi - sonra nə olacaq?..
Tural İsmayılov: “Yeni ilin əvvəllərinə qədər Gürcüstandakı vəziyyəti gərginləşdirmək üçün müxtəlif manipulyativ vasitələrdən istifadə etməyə çalışacaqlar”
Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu- Demokratik Gürcüstan” partiyası qalib gəlib. Prezident Salome Zurabişvili və müxalifət təmsilçiləri seçkinin nəticələrini tanımaqdan imtina edib, səsvermənin nəticələrinin ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmişdi.
Gürcüstanın Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvili və müxalifətin 30 nümayəndəsinin 26 oktyabr seçkiləri ilə əlaqədar iddialarını icraata qəbul etməyib. Məhkəmə onların iddia ərizəsini əsassız sayıb. Maraqlıdır, bundan sonrakı proses necə olacaq?
“Salome Zurabişvili hökumətlə qarşıdurma səviyyəsində olduğuna görə, onun “Gürcü arzusu”nun yanında yer almayacağı bəllidir”
Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Qərb və onun siyasi mərkəzləri Gürcüstan əleyhinə çox çirkin kampaniyalar həyata keçirir: “Açıq şəkildə görünür ki, Gürcüstan əleyhinə oyun oynanılır. Bu da onunla bağlıdır ki, Gürcüstanda xarici agentlər haqqında qanun layihəsi qəbul edildi, ondan sonrakı dövrdə isə Gürcüstanda parlament seçkilərində gürcü xalqı öz iradəsini və mövqeyini ortaya qoyaraq “Gürcü Arzusu” Partiyasının iqtidarına səs vermis oldu. Məlumdur ki, dekabr ayında Gürcüstanda prezident seçkiləri keçiriləcək. Prezident seçkiləri ərəfəsində qəsdən vəziyyəti qarışdırmaq, Gürcüstandakı ab-havanı xaosa, eyni zamanda, qarışıqlığa kökləməyə çalışan bəlli qüvvələrə şahidlik edirik. Bu fonda da Salome Zurabişvili siyasi intriqalar səbəbindən Qərbin Gürcüstanda insanları ayağa qaldırması və vəziyyəti gırginləşdirmək meyarlarında iştirakçıya çevrilir. Əlbəttə, bu da heç bir halda qəbuledilən hal deyil. Hesab edirəm ki, Yeni ilin əvvəllərinə qədər Gürcüstandakı vəziyyəti gərginləşdirmək üçün müxtəlif manipultaiv vasitələrdən istifadə etməyə çalışacaqlar. Vəziyyətin daim ağır ab-havada olmasına şərait yaradacaqlar. Gürcüstan prezidenti Salome Zurabişvili hökumətlə qarşıdurma səviyyəsində olduğuna görə, onun “Gürcü arzusu”nun yanında yer almayacağı bəllidir”.
Günel CƏLİLOVA