Paşinyanın xahişini rədd edən deputat partiyadan qovuldu!
Nikol Paşinyanın istəyini rədd edən erməni deputat başına iş açıb. Belə ki, Ermənistanın hakim “Mülki müqavilə” Partiyası deputat Ovik Ağazaryanı sıralarından xaric edib. Bu barədə partiyanın sosial şəbəkədəki səhifəsində məlumat verilib. “İdarə Heyətinin qərarı ilə Ovik Ağazaryan dövlət və partiya əhəmiyyətli məxfi məlumatları sızdırdığına, habelə etik normaları kobud şəkildə pozduğuna görə “Mülki müqavilə” Partiyasından xaric olunub”, - məlumatda bildirilir. Daha əvvəl “Mülki müqavilə” fraksiyasının üzvü Ovik Ağazaryan baş nazir Nikol Paşinyanın mandatından imtina xahişini rədd edib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deputat Ovik Ağazaryanın onun tövsiyəsini dinləyərək, mandatından imtinasına ümid etdiyini deyib. O, digər deputat Narek Zeynalyana da oxşar məsləhətlər verib. Paşinyan xatırladıb ki, hər iki parlamentari İstintaq Komitəsinin keçmiş rəhbəri Arqişti Kyaramyanla bağlı qalmaqalda iştirak ediblər.
Mətləb Salahov