ABŞ-dan Əsədə ilginc təklif - İrandan uzaqlaş, sanksiyaları ləğv edək...
ABŞ və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Suriya prezidenti Bəşər Əsədə İrandan uzaqlaşacağı və “Hizbullah”ın silah yollarını kəsəcəyi təqdirdə ona qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyi təklif edib. Bu barədə “Reuters” mövzudan xəbəri olan mənbələrə istinadən məlumat yayıb.
Mənbələr, ABŞ və BƏƏ-nin İrandan uzaqlaşması və Livan “Hizbullah”ına silah göndərilməsinin qarşısına alacağı halda, Əsədə qarşı tətbiq edilən sanksiyaların ləğvi imkanlarını müzakirə etdiyini bildirib. Mənbələrin sözlərinə görə, danışıqlar ABŞ-ın Suriyaya qarşı tətbiq etdiyi hərtərəfli sanksiyaların 20 dekabrda başa çatması və İsrailin Livandakı “Hizbullah” və Suriyadakı İran varlığı da daxil olmaqla, Tehranın regional şəbəkəsinə qarşı apardığı kampaniya ilə əlaqədar son aylarda intensivləşib.
Qeyd edilir ki, danışıqlar noyabrın 28-də Əsəd əleyhdarı silahlı qruplaşmaların Hələbə daxil olmasından əvvəl baş tutub.
İki ABŞ mənbəsi, dörd suriyalı və livanlı mənbə və iki xarici diplomat “Reuters” agentliyinə ABŞ və BƏƏ-nin 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsi zamanı ərazilərin böyük bir hissəsini geri qaytarmağa kömək edən İranla Əsəd arasında ixtilaf salmaq üçün bir fürsət gördüyünü bildiriblər. Bununla belə, mənbələr bildirirlər ki, Əsəd əks-hücum üçün İranın köməyini qəbul edərsə, bu, iki ölkə arasında gərginlik yaratmaq səylərini çətinləşdirə bilər.
Iddialarla bağlı Suriya hökuməti və Ağ Ev “Reuters”in suallarına cavab verməyiblər. BƏƏ-dən isə Bin Zayedin Əsədlə telefon danışığı ilə bağlı açıqlaması xatırladılıb.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi Əsədə dəstək üçün iki gün əvvəl Suriyaya səfər edib, BƏƏ prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan isə həftə sonu son hadisələrlə bağlı Əsədlə telefonla danışıb.
BƏƏ, sünnilərin başçılıq etdiyi üsyanı yatırmaq üçün ərəb olmayan şiə İranın köməyini qəbul etdikdən sonra onu sıxışdıran sünni müsəlman ərəb dövlətləri arasında Əsədlə yaxınlıq edən yeganə ölkədir.
Mənbələr bildirib ki, BƏƏ çoxdan Əsədi İrandan uzaqlaşdırmağa çalışır və Suriya ilə ticarət əlaqələri qurmaq istəyir, lakin ABŞ sanksiyaları bu səyləri əngəlləyir. Tehrandan məlumat alan yüksək səviyyəli bir diplomat isə, İranın bəzi ərəb ölkələrinin Suriyanı Tehrandan uzaqlaşdıraraq, İranı təcrid etmək cəhdləri barədə pərdəarxası səylər haqqında məlumatlandırıldığını bildirib.
Diplomat əlavə edib ki, bu səylər Vaşinqtondan mümkün sanksiyaların aradan qaldırılması təklifləri ilə bağlıdır.
TAHİR