Mərkəzi Bankın valyuta ehtiyatları hələ tarixdə bu qədər azalmamışdı...
Fuad İbrahimov: “İndiki vəziyyətdə azalmanın 2014-cü ilə heç bir aidiyyəti yoxdur”
Bu ilin noyabr ayında Mərkəzi Bankın valyuta ehtiyatları 403,9 milyon dollar və ya 3,5 faiz azalaraq 10 milyard 967,8 milyon dollara düşüb. Son 2 aydır valyuta ehtiyatları davamlı olaraq azalır.
Belə ki, bu ilin oktyabr ayında valyuta ehtiyatları 424,1 milyon dollar və ya 3,6 faiz azalıb. Məlumat üçün qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin iyul ayında tarixi zirvəyə – 15 milyard 193 milyon dollara yüksəlib. Lakin növbəti aydan – avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub. Ən kəskin azalma isə 2014-cü ilin dekabr ayında baş verib – 1 milyard 238 milyon dollar.
Maraqlıdır, bəs indi nə baş verir? Niyə Mərkəzi Bankın valyuta ehtiyatları nəzərəçarpacaq dərəcədə azalır?
“Hər hansısa təhlükəli fon, sual yaranarsa və manatın məzənnəsinə təzyiq olarsa, o zaman müdaxilə olacaq”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Bəli, 2014-cü ilin sonuna doğru Mərkəzi Bankın valyuta ehtiyatlarında ciddi azalmalar baş verirdi. Bu da bəlli səbəblərdən qaynaqlanırdı. Məsələ ondadır ki, 2014-cü ilin ortalarından başlayaraq dünya bazarında neftin qiyməti kəskin ucuzlaşmağa başladı. Bu isə manatın məzənnəsinin saxlanılmasında ciddi çətinliklər yaradırdı. Məzənnəni saxlamaqdan ötrü ehtiyatlardan istifadə edilmişdi. Bu səbəbdən Mərkəzi Bankın ehtiyatlarında azalma baş vermişdi. İndiki vəziyyətdə isə azalmanın 2014-cü ilə heç bir aidiyyatı yoxdur. Məsələ ondadır ki, Azərbaycanda makroiqtisadi tarazılıq öz yerindədir. Mərkəzi Bankın apardığı siyasət elastik və sağlamdır. Yəni bununla bağlı hər hansı bir təhlükəli fon yoxdur ki, azalmanı neqativ tərəfə istiqamətləyək. Müəyyən mənada bu, Mərkəzi Bankın açıqlamasında da qeyd edilib. Yəni xarici valyutada dövlət xərclərinin icrasına dəstək məqsədilə valyuta ehtiyatlarından xüsusi satışlar həyata keçirilib. İşğaldan azad edilən rayonlarda kifayət qədər iri layihələr həyata keçirilir. Bununla əlaqədar kapital qoyuluşu mütləq şəkildə lazımdır. Ortada idxal amili var. Müasir innovativ layihələrin həyata keçirilməsində mütləq şəkildə idxala ehtiyac var. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, hər şey nəzarət altındadır. Maliyyə tarazılığı pozulmayıb. Hər hansısa təhlükəli fon, sual yaranarsa və manatın məzənnəsinə təzyiq olarsa, o zaman müdaxilə olacaq. Bununla bağlı hansısa təhlükə yoxdur və bu baxımdan narahatlığa əsas yoxdur”.
Vidadi ORDAHALLI