Yasamal sakinləri sökülən mənzillərin hər kvadratına 2500 manata razı olmurlar - Abdulla Şaiq küçəsində mübahisə...
Elnur Fərzəliyev: “Qiymətlərin dəyişkən olması vətəndaşların mənzillərinin ümumi sahəsindən asılıdır”
Məlum olduğu kimi, paytaxtın bir sıra ərazilərində söküntü işləri aparılır. Bakının Yasamal rayonu Abdulla Şaiq küçəsində də söküntü işi həyata keçirilir. Artıq ərazidə yerləşən həyət evlərinin bir çoxu sökülüb. Onların yerində hündür mərtəbəli binanın tikilməsi nəzərdə tutulur.
Sakinlərin sözlərinə görə, sökülən evlərin hər kvadrat metri üçün 2200-2500 manat təklif olunub. Razılıq əldə olunan sakinlərin evləri artıq sökülüb. Bəzi sakinlər isə bu təklifdən narazı qaldıqlarına görə imtina ediblər. Hazırda şirkət və sakinlər arasında danışıqlar aparılır. Narazı sakinlər aparılan söküntünün onların evlərinə zərər vurduğundan da şikayətçidirlər.
Qeyd edək ki, evlərin söküntüsü zamanı bəzi sakinlər onlara verilən kompensasiya məbləğindən narazılıq edir və söküntüyə mane olur. Belə hadisələr dəfələrlə yaşanıb. Görəsən, bu problem necə həll olunmalıdır?
“Hazırda təqribən mərkəz və mərkəzə yaxın ərazilərdə hər kvadrata görə 2000 və ya 2500 manat kompensasiya hesablanır”
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, tikinti şirkətləri hər hansısa bir ərazidə qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarını və ya yaşayış massivlərini sökərək onların yerində binalar tikirlər. Sonra isə vətəndaşlara tikdikləri binalardan uyğun mənzillər verilir: “Verilən mənzillər tam təmirli və ümumi sahəsi daha geniş olur. Vətəndaşların evi söküldüyü gündən onlara yeni tikili binalardakı mənzillərdən ev verildiyi günə qədər kirayə pulları və köç xərcləri verilir. Hazırda təqribən mərkəz və mərkəzə yaxın ərazilərdə hər kvadrata görə 2000 və ya 2500 manat kompensasiya hesablanır. Əgər vətəndaşın mənzili çox kiçikdirsə onlara birdəfəlik təzminat verilir ki, o pulla vətəndaş şəhərətrafı ərazilərdən özünə mənzil ala bilsin. Qiymətlərin dəyişkən olması vətəndaşların mənzillərinin ümumi sahəsindən asılıdır. Əgər vətəndaşların həyətləri özlərinə məxsusdursa, çıxarışları varsa, bu halda torpaq sahələri də qiymətləndirilir. Bu torpaqların kvadratı 800-900 manat arası hesablanır. Fərdi yaşayış evləri sökülərkən, mənzil vətəndaşa məxsusdursa, çıxarışı olmasa da kompensasiya ödənilir”.
Günel CƏLİLOVA