Bələdiyyə sədrləri 2 üsulla seçiləcək - Praktikada nə gözlənilir...
Qoşqar Salmanlı: “Bələdiyyələrin tam formalaşması üçün dünya təcrübəsindən istifadə etməliyik”
Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 49-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, yeni seçilən bələdiyyənin ilk iclası Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra beş iş günü müddətində keçiriləcək.
Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçiləcək. Sədr bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunacaq. Bələdiyyənin ilk iclasında bələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyi təsdiq ediləcək.
Qeyd edildiyi kimi, bələdiyyələr açıq və gizli səsvermə yolu ilə seçiləcək. Bələdiyyələrlə bağlı seçki üsulunun dəyişməsinin gələcəkdə nə kimi nəticəsi olacaq?
“Ümid edirəm ki, bu il keçiriləcək bələdiyyə seçkilərində yeni seçilən üzvlər qanunlara riayət edilməsinə önəm verəcək”
Bələdiyyə sahəsi üzrə ekspert Qoşqar Salmanlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bələdiyyələrin açıq və gizli səsvermə yolu ilə seçilməsi Prezident İlham Əliyevin imzaladığı yeni qanunda öz əksini tapıb: “Burda bir məsələ var - bələdiyyələrin iş prinsipi. Bələdiyyələrin iş prinsipi keçən müddətdə hələ də tam aktuallaşmayıb. Bələdiyyələrin tam formalaşması üçün dünya təcrübəsindən istifadə etməliyik. Ancaq bizdə bələdiyyələrin icra strukturları bir ərazi idarəetmə orqanı kimi fəaliyyət göstərir. Ümid edirəm ki, bu il keçiriləcək bələdiyyə seçkilərində yeni seçilən üzvlər qanunlara riayət edilməsinə önəm verəcək. Seçkilərin gizli və ya açıq formada keçirilməsinin elə də böyük təsiri olmayacaq. Sadəcə bələdiyyələr öz gördükləri işin öhdəsindən gəlməlidir. Bələdiyyələrin birləşdirilməsi bələdiyyənin formalaşmasına təkan verəcək. Bələdiyyələrin birləşdirilməsi, bələdiyyə institunun yaradılması bu sahənin inkişafına təkan verəcək. Ümid edirəm ki, yeni seçiləcək üzvlər bütün problemlərin həllində səy göstərəcək”.
Günel CƏLİLOVA