Bir neçə aylıq əczaçılıq kursu bitirib sonda işsiz qalırlar...
Son zamanlar ölkədə kursların sayı günü-gündən artır. Orada təhsil alanlar altı ay kurs keçməklə tibb bacısı, əczaçı, mühasib və kosmetoloq kimi peşələrə yiyələnirlər.
Məlumdur ki, dövlət orta ixtisas məktəblərində tibb bacısı, əczaçı diplomuna yiyələnmək üçün tələbələr üç il təhsil alır. Əczaçı olmaq üçün beş il, tibbi bacısı olmaq üçün dörd il təhsil müddəti nəzərdə tutulur. Eyni qayda mühasibatlıq üçün də keçərlidir. Ancaq kurslar sayəsində insanlar 6 ayda qeyd edilən peşə sahibi olurlar. Ancaq maraqlı məqam ondan ibarətdir ki, kursu bitirənlər işlə təmin olunmaqda çətinlik çəkir.
Adil Qeybulla: Təhsil alıram” deyib bu cür kurslara pul vermək özünü aldatmaqdan başqa bir şey deyil”
Tibb üzrə elmlər doktoru, səhiyyə eksperti Adil Qeybulla “Bakı-Xəbər”ə bildirdi ki, belə kurslara adətən Tibb Universitetinə qəbul ola bilməyənlər, rahat yolla iş tapmaq istəyənlər gedir. Ekspertin sözlərinə görə, özəl tibb kurslarını bitirənlər dövlət xəstənalarında işlə təmin olunmur, amma çox vaxt özəl xəstəxanalar bu şəxsləri işə götürürlər. Ancaq onlar orda da tibb bacısı kimi çalışmır. 6 ay kursa getməklə tibbə aid bilikləri öyrənmək olmur: “Onlar daha çox apar-gətir, yüngül işlərdə çalışır. “Təhsil alıram” deyib, bu cür kurslara pul vermək özünü aldatmaqdan başqa bir şey deyil. Hər kəs hansısa ixtisasa yiyələnirsə, təbii ki, gələcəkdə onun iş imkanlarını nəzərə almalıdır. Çünki boşuna heç kim təhsil almaq istəmir. Bu cür kurslara gedənlər də onlara verilən diplomun heç bir perspektivi olmadığını bilməlidirlər. Çünki onlar vaxtlarını, əməklərini sərf edirlər, pul xərcləyirlər, amma aldıqları təhsil heç bir hüquqi əhəmiyyət daşımır”.
Elşən Qafarov: “Təqdim edilən sertfikatın yararlı sayılması üçün ilk növbədə həmin kursun aidiyyəti qurumdan lisenziyası olmalıdır”
Təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, bir çox bu cür kursların təqdim etdiyi sertifikatlar işə qəbulda əsassız sayılır: “Təqdim edilən sertfikatın yararlı sayılması üçün ilk növbədə həmin kursun adiyyəti qurumdan lisenziyası olmalıdır. Vətəndaşlar müraciət etdikləri kursların dövlət lisenziyalı olub-olmamasına diqqət etməlidirlər. Əks halda bu həm vaxt, həm də pul itkisinə səbəb ola bilər”.
Günel CƏLİLOVA