Şəkər testləri 1 aydır apteklərdən yoxa çıxıb - xəstələr təlaşda…
Ümumdünya Səhiyyə Təşkilatının məlumatında şəkərli diabet dünya əhalisi arasında sürətlə yayılmasına görə XXI əsrin qeyri-infeksion epidemiyası kimi tanınır.
Harada yaşamasından - Şərqdə və ya Qərbdə, dilindən, cinsindən, irqindən, milliyyətindən, dini mövqeyindən, varlı və ya kasıb olmasından asılı olmayaraq, "şəkər" bütün insanların tutula biləcəyi bir xəstəlikdir. Şəkərli diabet xroniki, son dərəcə "bahalı" bir xəstəlikdir və ortaya çıxan bir sıra fəsadlarla müşayiət olunur və ailələr, ölkələr və bütövlükdə dünya üçün ciddi təhlükə yaradır ki, bu da xəstəliyin kəskin sosial əhəmiyyətindən xəbər verir.
Qeyd etdiyimiz kimi, bu xəstəlikdən əziyyət çəkənlərin sayı ölkəmizdə də artır. Məlumdur ki, şəkərli diabetdən əziyyət çəkənlər qan şəkərin səviyyəsini ölçmək üçün test çubuqlarından istifadə etməli olur. Ancaq son bir aydır ki, apteklərdə test çubuqları tapılmır. Məsələ ilə bağlı şəhərin bir neçə aptekinə üz tutduq. Bizə deyildi ki, apteklərə uzun müddətdir, test çubuqları gətirilmir. Hazırda yaranan vəziyyətlə əlaqədar olaraq, apteklərdə insanlara cihazlarını bir başqası ilə dəyişmək tövsiyə olunur.
Maraqlıdır, bu vacib vasitələrin yoxa çıxmasına səbəb nədir?
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi: “Şəkər aparatları üçün test striplərinin idxalı ilə özəl şirkətlər məşğul olur”
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən “Bakı-Xəbər”ə bildirildi ki, ölkəyə şəkər aparatları üçün test striplərinin (çubuqların) idxalı ilə özəl şirkətlər məşğul olur: “Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin qanunvericiliklə müəyyən olunan səlahiyyətlərinə qeydiyyat və idxal üçün müraciət edilən dərman preparatları və tibbi vasitələrin laboratoriya analizi, həmçinin sənədlərin uyğunluğunu yoxlamaq daxildir. Biz ölkəyə gətirilən tibbi məhsullara rəy veririk”.
Pərvanə Mustafayeva: “Yaxşı olar ki, test çubuqlarını ölkəyə gətirən şirkətlər bu məsələyə həssas yanaşsın”
Həkim ekspert Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son illər şəkər xəstəliyindən əziyyət şəkənlərin sayı sürətlə artır. Bunun səbəbi hərəkətsizlik, fast-food qidalar, stress və irsidir: “Şəkər xəstəliyindən əziyyət çəkənlər mütəmadi olaraq qanda qlukozanın səviyyəsini ölçməlidir. Bunun üçün xüsusi çubuqlar mövcuddur. Həmin test çubuqları da ölkəmizə idxal olunur. Bu elə məhsuldur ki, hər daim tələbat var. Xəstə test etməsə şəkərin qalxıb-düşdüyünü bilməyəcək və qidasını fikir verməyəcək. Yaxşı olar ki, test çubuqlarını ölkəyə gətirən şirkətlər bu məsələyə həssas yanaşsın və insanları çıxılmaz vəziyyətə salmasın”.
Günel CƏLİLOVA