Fransa səfirini "Qərbi Azərbaycan" xəritəsinə bağlayan nədir?..
Faiq Ələkbərli: “Fransa Ermənistana nə qədər dəstək olsa da, həqiqət dəyişmir, danılmaz faktdır ki, o ərazilər Azərbaycan və türk torpaqlarıdır”
Fransa növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. Belə ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini X sosial şəbəkəsində İranın Qərbi Azərbaycan vilayətinin xəritəsini “Tək və yeganə” sözləri ilə paylaşıb.
Fransız səfir bu paylaşımı ilə Ermənistan ərazisində Qərbi Azərbaycan olmadığına eyham vurmağa çalışıb.
Qeyd edək ki, rəsmi Bakı Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın əzəli torpaqlarına qayıtmasının təmin edilməsini haqlı olaraq tələb edir. Bəzi Qərb dairələri bu məsələni təhrif edərək ərazi iddiası olduğunu gündəmə gətirməyə çalışır.
“Fransanın Ermənistandakı səfirinin öz sosial şəbəkə hesabında məhz İranın Qərbi Azərbaycan vilayətinin xəritəsini “Tək və yeganə” sözləri ilə paylaşması qəbuledilməzdir”
Fransız səfirin məlum hərəkəti ilə bağlı fikir bildirən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, iki Qərbi Azərbaycan olduğu reallığı var. Onun biri Guney Azərbaycanda, digəri isə Şimali Azərbaycandır. Şimali Azərbaycan dedikdə həm Azərbaycan Respublikası, həm də Qərbi Azərbaycan nəzərdə tutulur. Qərbi Azərbaycan isə hazırda Ermənistan adlanan ölkənin tərkibindədir: “Fransanın Ermənistandakı səfirinin öz sosial şəbəkəsində məhz İranın Qərbi Azərbaycan vilayətinin xəritəsini “Tək və yeganə” sözləri ilə paylaşması qəbuledilməzdir. Burda əsas təhriketmələr özünü göstərir. Onların bu addımı atmasının məqsədi bizə bəllidir. Bu addım Fransanın daxili mahiyyətindən irəli gəlir. Öz aləmlərində Ermənistana dəstək verirlər. Ancaq Fransa Ermənistana nə qədər dəstək olsa da, həqiqət dəyişmir. Danılmaz faktdır ki, o ərazilər Azərbaycan və türk torpaqlarıdır. O torpaqlar bizim bir parçamızdır. Bu həqiqəti Fransa və ya hansısa Qərb dairəsinin dəyişməsi heç nəyi dəyişmir. Əsas məsələ odur ki, indiki Ermənistan ərazisində olan Qərbi Azərbaycana aid Dərələyəz, Göyçə, Basarkeçər, hətta İrəvan belə bizim torpaqlardır. Qeyd etdiyim ərazilərdə türk-müsəlman xalqı yaşayıb. Fransızların nəyisə deməsi, paylaşması həqiqəti dəyişmir, dəyişdirməyəcək də…”.
Günel CƏLİLOVA