Marketdən aldığı "kərə yağı" əriyib maşın yağına döndü...
Eyyub Hüseynov: “İstehlakçı yağın tərkibində hansı bitki yağı olduğunu bilməlidir, güman edilir ki, bu palma yağıdır”
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağına yox, maşın yağına bənzəyir. Görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatda qeyd edilir ki, sosial şəbəkədə yayılan görüntü nəzarətə götürülüb: “Məsələ Agentliyin Bakı Regional Bölməsi tərəfindən qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Araşdırmaların nəticəsi barədə məlumat veriləcək. İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə Agentliyin "1003" qaynar xəttinə məlumat versinlər".
“İstehsalçılar istəyir malları ölməz etsin, tərkibinə qarışdırdığı inqrediyentləri gizlətsin, lakin…”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, təəssüf ki, istehlakçıların aldadılması daim gündəmdədir. Digər ölkələrdə də bu problem həll olunmayıb: “İstehsalçılar istəyir ki, malları ölməz etsin, tərkibinə qarışdırdığı inqrediyentləri gizlətsin. Lakin istehlakçı hüquqlarını qoruyan təşkilatlar və AQTA kimi qurumlar bunun qarşısını almağa cəhd edir. AQTA son illər bu sahədə müəyyən işlər görüb. Azad İstehlakçılar Birliyinin qaldırdığı məsələlərə AQTA dərhal reaksiya verib və lazımi addım atıb. Ancaq bu problem o qədər geniş yayılıb ki, tam öhdəsindən gəlmək olmur. Ümumiyyətlə, ölkədə istehlakçı üçün məlumat standartları yoxdur. Bu problem yaşanır. Təsadüfi deyil ki, iki ay öncə Azad İstehlakçılar Birliyi spred yağların etiket məlumatlarındakı çatışmazlığı AQTA-ya göndərib. Eləcə də Yunanıstandan idxal olunan bəzi yağların etiket məlumatları ilə bağlı AQTA-ya məlumat verilib. Bəzi yağlar Belarusiya və Rusiyadan idxal olunur. “Tulçinka yağı ekstra 3” yağının tərkibində bitki yağı var. İstehlakçı yağın tərkibində hansı bitki yağı olduğunu bilməlidir. Güman edilir ki, bu palma yağıdır. “Tulçinka yağı”nın üzərində 72,5 faiz yağ olduğu yazılır və üstündə inək şəkli də var. “Şedroe Leto”, “Vero Greco” kimi yağların tərkibi naməlumdur. Bu kimi yağlar əridiləndə yanır”.
Ekspert hesab edir ki, AQTA bu kimi hallarla çevik mübarizə aparmalıdır.
Günel CƏLİLOVA