COP29-la bağlı gizli planlar pozuldu və Paşinyan "əlinin dalını yerə qoydu"...
Paşinyanın Ermənistan İTV-yə yeni müsahibəsində söylədiyi bəzi fikirlər COP29-un son saatlarına təsadüf etməsi nöqteyi-nəzərindən diqqətimi dərindən çəkdi. Paşinyanın dedikləri əslində əvvəllər dediklərinin daha konkret və daha qətiyyətli ifadəsindən başqa bir şey deyil. O əvvəllər də demişdi, bu günlər də dedi ki, Azərbaycan SSR-i müstəqil Azərbaycan Respublikası, Ermənistan SSR-i isə müstəqil Ermənistan Respublikası kimi qəbul etməli, özümüz də rahat yaşamalı, onları da rahat buraxmalı və aramızda iqtisadi əlaqələr qurmalıyıq...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Az şeylər demir, insafən. Ancaq belə net və konkret sözləri indi niyə danışır? COP29-dan dərhal sonra dilə gəlib danışması təsadüfdürmü? Xeyr!
Məsələ burasındadır ki, COP29-a qarşı hibrid müharibə aparan qüvvələrin ən ifratlarından biri Ermənistan, erməni lobbisi və erməni diasporu idi. COP-a gəlmədilər, bütün dünya boyu səsləri yetişən hər kəsi Bakıda olarkən Qarabağ ermənilərinin qayıdışı, Qarabağ canilərinin azadlığa buraxılması mövzularında çıxışlar etməyə səslədilər. Nəticəyə nail ola bilmədilər. Ancaq bu, onların çirkin niyyətlərini nəzərimizdən qaçırmağa əsas vermir. Ermənistan əmin idi ki, COP29 uğurlu alınmayacaq. Onlara bu ümidi verənlər inandırmışdılar ki, Qərb qüvvələri Bakının uğur qazanmasına imkan verməyəcəklər, sonda Bakı uğursuz tədbir ucbatından xar olacaq və dünyada çox zəif bir duruma düşəcək. Ermənistan üçün bu xəyalların üzərində Azərbaycana qarşı yeni həmlə, təzyiq planları quranlar var idi. Ermənilər ümidli idilər ki, COP iflas edəndən sonra zəifləmiş Azərbaycanla daha uğurlu şərtlər çərçivəsində saziş imzalamaq fürsətləri açılacaq, ən azı 44 günlük müharibədən sonra güclənmiş Azərbaycanın Ermənistan üzərindəki ötkəmliyi xeyli aşağı düşəcək...
COP29-un uğurlu nəticələr ortaya qoyması Ermənistanın belə dəhşətli niyyətlərini alt-üst etdi. Əksinə, Azərbaycan COP-dan sonra daha qətiyyətli, daha inamlı və daha ötkəm mövqe göstərəcək.
Paşinyanı "özümüz də rahat olmalı, onları da rahat buraxmalıyıq" deməyə vadar edən COP 29-la bağlı bu məqamlardır...
Tahir TAĞIYEV