"İqlim tədbirlərinin maliyyələşdirilməsi CO2 emissiyalarının azaldılması olmadan mümkün deyil"
İqlim tədbirlərinin maliyyələşdirilməsi CO2 emissiyalarının azaldılması olmadan mümkün deyil. Trend xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
"Əvvəldən bəlli idi ki, bu iqlim konfransı, ilk növbədə, maliyyələşdirmə məsələlərinə həsr olunub. Məqsədimiz 2035-ci ilə qədər böyük iqlim çağırışları, zərərlər və itkilərlə, eləcə də, genişmiqyaslı adaptasiya tədbirləri ilə necə mübarizə aparacağımızı müəyyən etməkdir. Bunu birlikdə və, ən əsası, ədalətli şəkildə etməyimiz vacibdir.
Həmçinin, aydın idi ki, iqlim tədbirlərinin maliyyələşdirilməsi CO2 emissiyalarının azaldılması olmadan mümkün deyil. Əgər planetdəki bütün zərərləri ödəmək üçün təxirəsalınmaz addımlar ataraq, qlobal istiləşməni 1,5 dərəcə çərçivəsində saxlamağa yönəlməsək, bu problemi maliyyələşdirə bilmərik.
Qlobal istiləşmədə hər 0.1 dərəcə artım nəticələri daha da bahalı edir. Məhz buna görə Avropa nümayəndə heyəti olaraq Dubayda əldə etdiyimiz nailiyyətləri, xüsusən də emissiyaların azaldılması məsələsində, möhkəmləndirmək və bu əsasda gələcək iqlim maliyyələşdirilməsini qurmaq bizim üçün son dərəcə vacib idi.
İqlim maliyyələşdirilməsi CO2 emissiyalarının azaldılması olmadan mümkün deyil, CO2 emissiyalarının azaldılması isə bütün ölkələrin bunu həyata keçirə bilməsi üçün maliyyə təminatı tələb edir", — deyə Annalena Berbok bildirib.