"Avropa nümayəndə heyəti iqlim maliyyələşdirilməsi üzrə intensiv danışıqları davam etdirir" – Berbok
Avropa nümayəndə heyəti iqlim maliyyələşdirilməsi üzrə intensiv danışıqları davam etdirir. Trend xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
"İqlim maliyyələşdirilməsi CO2 emissiyalarının azaldılması olmadan mümkün deyil, CO2 emissiyalarının azaldılması isə bütün ölkələrin bunu həyata keçirə bilməsi üçün maliyyə təminatı tələb edir. Bu kontekstdə biz Avropa nümayəndə heyəti olaraq, mətn üzərində intensiv danışıqları davam etdiririk. Bu, keçən il güclü və qətiyyətlə razılaşdırılmış əsaslara əsaslanaraq, fəaliyyətimizi qurmaq deməkdir: bərpa olunan enerji mənbələrinin inkişaf sürətinin üçqat artırılması, enerji səmərəliliyinin ikiqat artırılması və ən əsası, köhnəlmiş qalıq yanacaq növlərindən imtina yollarının müəyyənləşdirilməsi.
Bu, hazırda səfərbər edilən vəsaitlərin enerji keçidində geridə qalan ölkələrdə bu keçidi sürətləndirməyə yönəldilməsi üçün kritik əhəmiyyət daşıyır. Bu, enerji saxlama sistemlərinin inkişafı, şəbəkələrin tikintisi və hələ də kömür elektrik stansiyalarının fəaliyyət göstərdiyi ölkələrdə kömürdən imtina üçün şəraitin yaradılmasını da əhatə edir. Bu, artıq sənayecə inkişaf etmiş ölkələrdə, xüsusilə Avropada baş verir. Bu da iqlim ədaləti məsələsidir", — deyə Annalena Berbok bildirib.