Ukraynalı nazir humanitar yardıma görə Azərbaycana təşəkkür etdi
Bu çətin zamanda Ukraynaya göstərilən humanitar yardım üçün Azərbaycana təşəkkürümü bildirmək mənim üçün böyük şərəfdir. Trend xəbər verir ki, bu barədə Ukraynanın ətraf mühitin mühafizəsi və təbii resurslar naziri Svetlana Qrinçuk Bakıda keçirilən COP29 sammitində milli bəyanatla çıxış edərkən bildirib.
Nazir vurğulayıb ki, Ukrayna Paris Sazişi çərçivəsində öz milli səviyyədə müəyyən edilmiş töhfəsi üzərində işləməyə davam edir və növbəti il onu vaxtında təqdim etməyi planlaşdırır.
O əlavə edib ki, Ukrayna ölkənin "yaşıl" bərpasına yönəlmiş tədbirləri əhatə edəcək investisiya planını təqdim edəcək.
"Ukrayna meşələrinin istixana qazlarını udma potensialı 1,7 milyon ton CO2 azalıb. Təbiət sərhəd tanımır və bu, qonşu ölkələrə, həmçinin, qlobal ərzaq zəncirinə təsir göstərəcək", — deyə Svetlana Qrinçuk bildirib.
Onun sözlərinə görə, Ukrayna yaşıllaşdırma və meşələrin bərpası proqramı çərçivəsində üç il ərzində 100 milyondan çox ağac əkilməsini planlaşdırır. Hazırda unikal bioloji müxtəlifliyi Ramsar Konvensiyası ilə qorunan 17 bataqlıq ekosistemi təhlükə altındadır.
"Ukrayna qlobal iqlim gündəliyinə əməl etmək əzmindədir və 2050-ci ilə qədər sıfır emissiya hədəfinə çatmaq öhdəliyini artıq qəbul edib. Bu, həm özəl sektorun, həm də hökumətin əhəmiyyətli səylərini tələb edəcək", — deyə nazir qeyd edib.