Məktəbəqədər hazırlıq müəllimlərinin narazılığı var - sertifikasiyadan...
Elçin Əfəndi: “Sertifikasiya imtahanı zamanı 50 balı keçərlərsə onların əmək haqqı 35 faiz artacaq”
Məlumdur ki, 2022-ci ilin yayından etibarən təhsilverənlər sertifikasiya imtahanlarına cəlb edilib.
Təhsilverənlərin sertifikatlaşdırılması ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik müəllimlərin peşəkarlıq səviyyələrinin, peşə yararlılıqlarının yoxlanılması məqsədilə keçirilir. O da bəllidir ki, sertifkasiya imtahanı test mərhələsindən və müsahibə mərhələsindən ibarətdir. Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində 50 baldan yuxarı nəticə göstərən müəllimlərin vəzifə maaşına 35 faiz, keçid balını toplayan müəllimlərin vəzifə maaşına isə 10 faiz aylıq əlavələr edilib. Serfifikasiya imtahanları bitdikdən sonra ümumi proses və əməkhaqqları ilə bağlı artımlar müəllimlərdə narazılıq yaradıb. Xüsusilə məktəbəqədər hazırlıq müəllimləri şikayətlərində qeyd ediblər ki, sertifikasiya imtahanından uğurla keçsələr də, əmək haqlarına heç bir artım əlavə olunmayıb. Bu da onların narazılığına səbəb olur.
Maraqlıdır, əmək haqqı ilı bağlı artımlar məktəbəhazırlıq qruplarına niyə şamil edilməyib?
“Hazırki vəziyyətdə məktəbəqədər qruplar üzrə sertifikasiya imtahanı keçirilmədiyi üçün narazı pedaqoqların iradı doğru deyil”
Təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sertifikasiya imtahanları yalnız azərbaycan dili və ibtidai sinif müəllimləri üçün keçirilib. Digər fənn müəllimlərinin də sertifikasiya imtahanında iştirakı nəzərdə tutulur. Bu proses növbəti ilin may-iyul aylarında həyata keçiriləcək: “Sertifikasiya prosesində məktəbəqədər hazırlıq qruplarında dərs deyən müəllimlərin iştirakı hələ ki, nəzərdə tutulmayıb. Azərbaycan dili və ibtidai sinif müəllimləri sertifikasiya imtahanı zamanı 50 balı keçərlərsə onların əmək haqqı 35 faiz artacaq. Nəticəsi 30-50 bal arasında olanlara isə 10 faiz artım təyin olunub. Hazırki vəziyyətdə məktəbəqədər qruplar üzrə sertifikasiya imtahanı keçirilmədiyi üçün narazı pedaqoqların iradı doğru deyil”.
Günel CƏLİLOVA