"Koronavirus dövründə şagirdlərə qarşı şiddət və zorakılıq faktlarını təsbit etmişik" - Nazir
Məişət zorakılığının qarşısının alınması üçün preventiv tədbirlər olduqca vacibdir. Lakin bunun məktəb tədris planlarında ayrıca fənn kimi salınması doğru deyil.
Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, çox aşağı yaşlardan fənlərin məzmununda zorakılığının formaları ilə bağlı maarifləndirmə aparılmalıdır.
"Biz başa düşməliyik ki, bu mexaniki proses deyil, insan dəyərlərindən irəli gələn davranışdır. Koronavirus dövründə şagirdlər evdə qalan zaman onlara qarşı şiddət və zorakılıq faktlarını təsbit etmişik. Bu barədə müvafiq qurumlara məlumat vermişik və əməkdaşlığımız davam edir", - deyə o bildirib.
E.Əmrullayev əlavə edib ki, məişət zorakılığı, qadınlara qarşı zorakılıqla mübarizə bir qurumun, təşkilatın işi deyil. Burada ciddi koordinasiya olmalıdır.
"O təhsil sistemləri güclüdür ki, cəmiyyətdə qadının rolu yüksəkdir, analar ali təhsillidir. Bu gün azyaşlı qızların təhsildə olması, hüquqlarını bilməsi, gələcəkdə güclü qadın kimi yetişməsi Azərbaycan cəmiyyətinə töhfə verən amillərdəndir", - deyə o vurğulayıb.