Azərbaycanın dünya üçün 14 təşəbbüsündən biri - "COP atəşkəsi"...
Mübariz Göyüşlü: “COP29 ərəfəsində Ukrayna, Yaxın Şərq və digər bölgələr də atəşkəs təklifini reallaşdıra bilər”
Prezident İlham Əliyev COP öncəsi tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə bir sıra məsələlərlə yanaşı qeyd edilir ki, Azərbaycan sülh, maliyyə, insan kapitalı, su və bir sıra digər məsələləri ehtiva edən 14 təşəbbüsdən ibarət iddialı Fəaliyyət Gündəliyi hazırlayıb. Mövcud olan geosiyasi gərginlik fonunda “COP atəşkəsi çağırışı”nın aktuallığı daha da artır.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının 29-cu İqlim Dəyişmələri Konfransına (COP29) sədrliyi çərçivəsində Beynəlxalq Sülh Günü kimi qeyd olunan 21 sentyabr tarixində elan etdiyi “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən dəstəklənib.
Maraqlıdır, COP ilində dünyanın münaqişə bölgələrində - Ukraynada, Yaxın Şərqdə atəşkəs təklifi həyata keçə bilərmi?
“COP atəşkəsi çağırışı Azərbaycanın xoş niyyətinin, real dünyada sülh və təhlükəsizlik üçün çalışmasının göstəricisidir”
Siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanın bu çağırışı, müraciəti çox önəmlidir: “Azərbaycan növbəti dəfə dünyada sülh və sabitlik uğrunda çalışdığını göstərir. Tək sözdə deyil, əməldə də sülh üçün cəhdlər edir, addım atır. Qoşulmama Hərəkatı ölkələri də Azərbaycanı dəstəkləyir. Ümumiyyətlə, çox böyük bir qrup bu təşəbbüsü dəstəkləyir. Bu da o deməkdir ki, məlum təşəbbüsün reallaşması ehtimalı artır. Böyük dövlətlərin buna necə yanaşacağı hələ bəlli deyil. Doğrudan da sülh istəyirlərsə, səmimi şəkildə bu işin gerçəkləşməsi üçün dəstək verməlidirlər. Hesab edirəm ki, dünyada yekdillik olarsa, atəşkəs ola bilər. COP29 ərəfəsində Ukrayna, Yaxın Şərq və digər bölgələr də atəşkəs təklifini reallaşdıra bilər”.
Siyasi şərhçinin fikrincə, COP atəşkəsi çağırışı Azərbaycanın xoş niyyətinin, real dünyada sülh və təhlükəsizlik üçün çalışmasının göstəricisidir.
Günel CƏLİLOVA