Almaniyadan Gürcüstana xəbərdarlıq - Amerikalılar Ukraynada da çevriliş etdi və bu sonda müharibəyə gətirib çıxardı
Gürcüstanda indi, vaxtilə Ukraynada baş verən hadisələrin təkrarlandığını görürük, bu təhlükəlidir. Bunu Bundestaqın deputatı Robert Farle qurumun iclasında Gürcüstan məsələsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı ölkəyə inkişaf üçün külli miqdarda pul təklif edəndə, böyük vədlər verəndə, demokratiyadan danışanda həmişə belə başlayır.
“Mən bunu bu gün bir neçə dəfə Maykl Rot və başqalarından müşahidə etmişəm. Amma bu gün heç kim ondan danışmır ki, burada, bizim ətrafımızda, Avropa İttifaqında çox şeylər dağılır, korrupsioner rəhbərlik işləyir, sonra milli müstəqilliyinizi tamam itirirsiniz. Gürcüstanda bunu başa düşmək lazımdır. Ukraynada da belə başladı, sonra amerikalılar çevriliş etdi və nəhayət, müharibə ilə nəticələndi.
Mən bütün gürcülərin sülh, azadlıq və firavanlıq içində yaşamasını istəyirəm. Bu firavanlıq, sülh və azadlıq Almaniya ilə olduğu kimi Rusiya ilə də yaxşı münasibətə ehtiyac duyur. Rusiya iqtisadiyyatı 4,5 və ya 4 faiz artdığı halda, gürcülər Almaniyanın göstəricilərinin necə pisləşdiyini görürlər. Gürcülər bundan neytral olan və neytral qalmalı olan Şərqlə Qərb arasında körpü kimi istifadə edə bilərlər” – deyə R.Farli bildirib.
TAHİR