Qərbdə Ukrayna müharibəsinin dayandırılması üçün qapalı müzakirələr qızışır - Kiyev ərazi güzəştinə razılaşır...
Qərbin aparıcı KİV-ləri son vaxtlar Kiyevdə və Qərbdə Ukraynanın daxili problemləri və cəbhədəki çətinliklərə görə Rusiya ilə razılaşmaya getmək ideyasının və “torpaq müqabilində NATO-ya üzvlük” ssenarilərinin müzakirə edildiyini yazır.
“Financial Times” qəzeti bildirir ki, Donbassdakı hərbi əməliyyatlardakı uğursuzluqlar və Ukraynada elektrik enerjisi problemi fonunda Kiyevdə Rusiya ilə münaqişənin həlli istiqamətində “əhval-ruhiyyə” dəyişib və eyni “əhval-ruhiyyə” artıq Qərbdə də açıq-aşkar müşahidə edilir.
Qəzet, müharibənin dayandırılması ilə bağlı qapalı qapılar arxasında müzakirə edilən əsas ssenarini də açıqlayıb: “Moskva faktiki nəzarət etdiyi torpaqları özündə saxlayır, lakin Rusiyanın bu torpaqlar üzərində qanuni suverenliyi tanınmır, ölkənin qalan torpaqları ilə Ukraynanın NATO-ya üzv olmasına icazə və ya buna bərabər təhlükəsizlik təminatları verilir".
Qəzetin yazdığına görə, bu ssenarinin arxasında iki fərziyyə dayanır. Birincisi, Qərbin Ukraynanın NATO-ya üzvlüyünə razılıq verməsi, ikincisi isə Rusiya prezidenti Putini danışıqlar masasına oturmağa razı salmaqdır.
Ancaq o da qeyd edilir ki, Ukraynanın NATO-ya üzvlükdən imtina etməsi Rusiyanın hərbi əməliyyatda əsas tələblərindən biri olaraq qalır.
TAHİR