Türkmənistandan Ermənistana daha bir jest- həm də Azərbaycanın ziyanına atılmış addımdır....
"Daha bir jest ifadəsini təsadüfən işlətmirəm. 2 həftə əvvəl Türkmənistan prezidenti Berdıməhəmmədov Paşinyana göndərdiyi təbrik məktubunda "ölkələrimiz arasında qarşılıqlı etimad" ifadəsi işlətmişdi. Haqlı sual və etiraz səsləndirdim ki, Azərbaycanın və bütün türk dünyasının düşməni kimi özünü köstərən Ermənistanla Türkmənistanın arasında "qarşılıqlı etimadın " kökündə nə dayana bilər?! Mənim etirazıma dəstək verənlər çox oldu."
Bu fikirləri “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: "Bu günlərdə 2- ci fakt baş verdi. Aşqabadda Transxəzər Koordinasiya platformasının açılışı olub və yetərincə maraqlı geosiyasi layihəyə cəlb olunmuş dövlətlərin siyahısı yenə böyük təəccüb doğurdu.Tədbirdə Orta Asiyanın 5 dövləti, Azərbaycan,Türkiyə, Gürcüstan, Avropa Birliyinin 2 komissarı, nüfuzlu beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə bərabər, Ermənistan nümayəndəsi də iştirak edib. Bu platformanın məqsədi Azərbaycanın və şəxsən İlham Əliyevin böyük səyləri ilə ərsəyə gətirilmiş Orta Dəhlizin imkanlarını və səmərəliliyini artırmaq, onun dəmiryolu, avtomobil yolları və liman şəbəkələrini genişləndirməklə Asiyadan Avropaya daşıma müddətini 15 günə endirməkdir. Ermənistanın Aşqabaddakı bu tədbirdə iştirakı onun Orta Dəhlizə qoşulmaq planlarına tam uyğun gəlir. Halbuki biz Azərbaycan olaraq birmənalı ifadə etmişik ki, Ermənistan Azərbaycanla normal davranmasa ,heç bir regional layihəyə, o cümlədən Orta Dəhlizə qoşula bilməz. Ermənistanın planı özünün " Dünya kəsişməsi" layihəsi əsasında həm Orta dəhlizin üzərində tranzit məntəqələrdən birinə çevrilməkdir, həm də Zəngəzur dəhlizinin açılmasını gündəmdən çıxarmaqdır. Bax, Türkmənistan sözü gedən Platformanın açılışında Ermənistanın iştirakını təmin etməklə türk dünyasına düşmən kəsilmiş ölkənin əlinə oynamış olur.
Bir daha demək lazımdır ki, Türkmənistan Türk Dövlətləri Təşkilatına hələ tam üzv olmayıb, kənarlarda dolaşır, türkmən qazının Azərbaycanın və Türkiyənin üzərindən Avropaya nəql kəmərinin gerçəkləşməsinə heç bir həvəs göstərmir, Azərbaycanla İran üzərindən "svop qaz" əməliyyatını da cəmi 1 ildən sonra dayandırdı.
Bunlar bir türk dövləti üçün heç yaxşı davranışlar deyil..."
Mətləb