Azərbaycan DTX-nın təmsil olunduğu təşkilatda Ermənistan kəşfiyyatının rəhbəri təhlükəli deyilmi?...
Sülhəddin Əkbər: "Biz torpaqlarımız işğalda olanda və müharibə dönəmindəki həssas məqamlarda orada olmuşuqsa, bu gün də bizim bu iclasda iştirakımız Azərbaycan üçün heç bir təhlükə törətmir"
Bu gün dünyanın təhlükəsizlik arxitekturasında dövlətlərin həm ümumi, həm də xüsusi təhlükəsizlik dizayni mövcuddur. Ümumi dizayn bölüşülə biləcək bir praktikadır, onun mübadiləsi zamanı hər bir dövlət özünəməxsus komponentləri qarşı tərəfə heç bir bilgi vermədən öz təhlükəsizlik sistemində əxs edə bilər.
Amma hər bir dövlətin daxili təhlükəsizlik sistemi özünəməxsus sirləri ilə doludur. Bu sirlərin qorunması xüsusi əhəmiyyətə malikdir.
Digər tərəfdən, hər bir dövlət onunla daha yaxın əməkdaşlıq edən, daha etibarlı dövlətlərlə öz təhlükəsizlik məsələlərini müzakirə edə bilər. Bu baxımdan Astanada keçirilən MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 55-ci iclası maraq doğurur. Çunki iclasda Ermənistan tərəfdən Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Esai Mkrtçyan da iştirak edib.
İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan İcraiyyə Komitəsi və MDB-nin Terrorla Mübarizə üzrə nümayəndə heyətləri iştirak edib.
Görüşdə beynəlxalq terrorizm, qeyri-qanuni miqrasiya, transmilli cinayətkarlıq, kibercinayətkarlıq və narkotiklərin qanunsuz dövriyyəsi sahəsində xüsusi xidmət orqanları arasında əməkdaşlığın cari məsələləri müzakirə olunub.
İclasın yekunları üzrə kəşfiyyat xidmətlərinin rəhbərləri əməkdaşlığın forma və sahələrinin genişləndirilməsinin zəruriliyi, eləcə də MDB ölkələrinin təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.
MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının və xüsusi xidmət orqanlarının rəhbərləri şurası MDB iştirakçısı olan dövlətlərin rəhbərləri Şurasının 1997-ci il 28 mart tarixli qərarı ilə yaradılmışdır.
Şuranın məqsədi beynəlxalq xarakterli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə və razılaşdırılmış digər fəaliyyət sahələrində xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsidir.
Maraqlı məqam odur ki, bu gün Azərbaycanla düşmən olan, Rusiyadan qoparaq sürətlə Qərbə doğru irəliləyən Ermənistan bu ölkələrlə birlikdə təhlükəsizlik və xüsusi xidmət məsələlərini müzakirə edir.
Mövzunu siyasi şərhçi, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərlə müzakirə etdik. Sual qoyduq ki, belə tədbirlərdə Qərblə oynayan Ermənistanın iştiraki nə dərəcədə doğrudur?
Ermənistan bizimlə düşmənçilik edir, sülh müqaviləsinin şərtlərinə əməl etmək istəmir, Rusiyadan isə qopur, kəşfiyyat məlumatlarının konfidensiallığı baxımından bu nə qədər doğrudur? Yəni bizim və Rusiyanın kəşfiyyatı məlumatlarını ermənilər Qərblə bölüşməzmi?
S.Əkbər sualımıza cavab olaraq bildirdi ki, əvvəla, MDB ölü doğulmuş bir təşkilatdır, bu formal xarakter daşıyır: "Keçmiş metropoliyanın müstəmləkələrini öz təsir dairəsindən buraxmamaq üçün yaradılmış bir qurumdur.
Digər tərəfdən, bu artiq 55-ci iclasdı, orada yeni hec nə baş vermir. Biz torpaqlarımız işğalda olanda və müharibə dönəmindəki həssas məqamlarda orada olmuşuqsa, bu gün də bizim bu iclasda iştirakımız Azərbaycan üçün heç bir təhlükə törətmir. Bununla yanaşı, orada əsas məsələ Rusyanın öz normativlərini keçmiş müstəmləkələrinə ötürmək və bununla da onları idarə etmək, yönləndirmək cəhdləridir. Ötürdüyü informasiyalarla onları yönləndirməyə, müəyyən sahələrdə koordinasiya etməyə çalışır. Açiqlanan məlumatlardan da görünür ki, əsas diqqət beynəlxalq terrorizm, dini ekstremizmi və xarici təsirlərə - məxməri inqlablara qarşı mübarizəyə yetirilir. Xarici təsirlərə qarşı mübarizə dedikdə, daxili müxalifətin nəzarətdə saxlanması nəzərdə tutulur. Rusiya daxili müxalifətə qarşı mübarizə metodlarını işləyib hazırlayır və bu iclaslar vasitəsilə MDB dövlətlərinə ixrac edir. Rusiya beynəlxalq terrorizm və dini ekstremizm təhdidləri barədə bir az real informasiya qarışdırılmış dezinformasiyalarla MDB ölkələrini, xüsusilə də Orta Asiyanın müsəlman dövlətlərini qorxudur və bununla həmin ölkələri idarə edirlər. Məsələn, Mərkəzi Asiyada Özbəkistanı və Tacikistanı Taliban və onun tərkibində döyüşən qruplarla qorxudurlar. Cənubi Qafqaz ölkələrini isə Qərbin olan-olmayan planları ilə qorxudub idarə etməyə çalışırlar. Düzdür, indi Ermənistan bir qədər fərqli işləyir - həm Qərbdən, həm də Rusiyadan kəşfiyyat məlumatları almağa çalışır. Qısası, bu iclas formal xarakter daşıyır, Moskvanın təsirini MDB üzvü dövlətlər üzərində möhkəmləndirməyə xidmət edir".
Dəniz NƏSİRLİ