Bizə bayram, antiazərbaycançılara "matəm günü" - 4 oktyabrın özəlliyi...
Azər Həsrət: “Dünyada elə mərkəzlər, qüvvələr var ki, Azərbaycanın ədalətli və haqlı qələbəsi ilə barışa bilmir”
“Bugünkü gün antiazərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Yəni necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər”.
Bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə söyləyib.
Prezident İ.Əliyev çıxışında bildirdi ki, antiazərbaycan qüvvələr Azərbaycanın zəfəri ilə barışa bilmir.
Maraqlıdır, humanitar media dairələri Azərbaycanın qələbəsi ilə niyə barışa bilmir?
“Həmin qüvvələr qısa müddətdə o torpaqlarda görülən işləri, yenidənqurma işlərini, əhalinin öz yurduna geri qayıtmasını da həzm edə bilmir”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dünyada elə mərkəzlər, qüvvələr var ki, Azərbaycanın ədalətli və haqlı qələbəsi ilə barışa bilmir: “Əslində onlar həqiqəti bilirlər. Bilirlər ki, bu torpaq Azərbaycanındır. Həmçinin, Azərbaycanın bu müharibəni çox səliqəli və savadlı şəkildə apardığını da bilirlər. Azərbaycanın müharibədən başqa çıxış yolu olmadığını da anlayırlar. Bütün bunları bildikləri halda Azərbaycanın qələbəsi ilə barışa bilmirlər. Onlar o qədər xəbis, cılız mərkəzlərdir ki, Azərbaycanın zəfərini həzm edə bilmir. Onların qısqanclığının səbəbi odur ki, balaca dövlət olan Azərbaycan qlobal siyasi oyunlar fonunda öz problemini özü həll edir. Bu isə onların qayda-qanunlarına ziddir. Yəqin hesab edirlər ki, bütün məsələləri onlar həll etməli idi. Məsələni həll edərkən isə tərəflərdən birinə öz rəğbətlərini nümayiş etdirməlidirlər. Təbii ki, rəğbət göstəriləcək tərəf Azərbaycan deyil, Ermənistandır. Yəni bizim əlimizdəkini alıb ermənilərə verməklə özlərini yaxşı oğlan kimi göstərmək istəyirlər. Azərbaycan isə bu şansları onların əlindən aldı. Ölkə başçısı İlham Əliyev doğru buyurur ki, onlar Azərbaycanın qələbəsinə sevinə bilmir. Həmin qüvvələr qısa müddətdə o torpaqlarda görülən işləri, yenidənqurma işlərini, əhalinin öz yurduna geri qayıtmasını da həzm edə bilmir. Onların qısqanclığı bizi narahat etmir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qısa müddət ərzində işğaldan azad edilmiş bütün torpaqlarda həyat yenidən qaynayacaq. Antiazərbaycan qüvvələr isə paxıllıqlarını, xislətlərini öz içlərində boğmalı olacaqlar.
Günel CƏLİLOVA