Rusiya nə günə qaldı - Hindistan da Ermənistanda hərbi baza yaratmaq istəyir...
Emin Həsənli: “Hindistan düşünür ki, Ermənistanı idarə etmək asandır”
Hindistan ordusunun istefada olan generalı Aşok Kumar Ermənistana təkcə peşəkar hərbi təlimatçıların deyil, həm də məhdud hərbi kontingentin göndərilməsini təklif edib.
Bu barədə general dərc olunan məqaləsində bildirib.
Kumar yazıb ki, Bakı ilə İrəvan arasında sülh sazişinin qaçılmaz olmasına baxmayaraq, Ermənistanın milli maraqlarını qorumaq üçün güclü orduya ehtiyacı var və Hindistan bu işdə “ən səmərəli şəkildə” kömək etməyə hazırdır:
“Silahlı qüvvələrin strukturu, təşkili, komandanlıq və nəzarət sistemi, hərbi əməliyyatların texnikası, doktrinası və taktikası, eləcə də ordunun ruhu daha önəmlidir: Bəlkə də bu səbəblər Ermənistanın 1994-cü ildə başa çatan Birinci Qarabağ müharibəsində qalib gəlməsini şərtləndirmişdi.
Ona görə də Ermənistanın müdafiə qüvvələrinin güclü və zəif tərəflərini yenidən qiymətləndirməsi zəruridir. Bu, onlara təkmilləşdirməyə ehtiyacı olan sahələri müəyyən etməyə kömək edəcək. Yaxşı olar ki, Ermənistan hansısa etibarlı ölkənin köməyindən öz müdafiə qüvvələrini gücləndirmək, o cümlədən onları döyüşə hazır vəziyyətə gətirmək üçün istifadə etsin. Və Hindistan Ermənistanda “Hindistan Ordusunun Təlim Qrupu (IATT)” yaratmaq üçün seçim ola bilər”.
Maraqlıdır ki, kim istəyir öz ordusunu Ermənistana soxmaq istəyir. Bunun sonu nə olacaq və Hindistan Ermənistanda hərbi mövcudluğunda niyə belə maraqlıdır?
Hərbi-siyasi şərhçi Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dünaynın bir çox ölkələri Cənubi Qafqaza maraq göstərir: “Ermənistan Rusiyadan asılı olub hər zaman, müstəqil siyasəti olmayıb. İndi də Qərb, Avropa Birliyi tərəfindən Fransa və Amerikaya tərəf yönəldilir. Fransa Afrikada itirdiyi mövqeləri Ermənistanda bərpa edib, Cənubi Qafqazda möhkəmlənmək istəyir. Eyni zamanda Hindistanla istəyir. Pakistan və Azərbaycan müttəfiqdir, Türkiyə-Azərbaycan-Pakistan işbirliyi var. Hindistan da Cənubi Qafqaza gəlmək istəyir. Bu bölgə böyük İpək yolunun üstündədir. Çindən, Hindistandan başlayan bütün yolların əsas üç istiqamətinin ən əsası bu bölgədən gəlib keçir. Gürcüstanla əlaqələr qura bilmir. Azərbaycanla da bu mümkün olmayıb. Azərbaycan müstəqil siyasət yeridir. Hindistan düşünür ki, Ermənistanı idarə etmək asandır. Ermənistana öz ordusunu gətirib, gələcəkdə ölkədə nüfuzunu artıra bilər, hərbi - siyasi maraqları baxımdan müəyyən addımlar atar. Ermənistan da Rusiyanın təsirindən kənarlaşaraq, onun yerini Fransa, Hindistan kimi dövlətlərlə doldurmağa çalışır. Özünün hava hücumlarından müdafiə sistemlərini Fransadan alır, bir çox silahları Hindistandan almaq istəyir. Ordusunun təlimlərinin keçirilməsinə çalışır. Ermənistan ordusu 44 günlük müharibədə elə zərbə alıb ki, onu qoruyacaq müdafiə sistəmləri hamısı darmadağın edilib. Silahlarının böyük hissəsi Bakıda Qənimətlər Parkındadır. Bu silahlar da Rusiya silahları idi. İndi də onları Fransa və Hindistanla əvəz etmək istəyir. Ermənistan iqtisadiyyatı böyük həcmli silahlar almağa, davamlı bu işləri aparmağa imkan vermir. O çalışır ki, nisbətən ucuz alsın. Ermənistan vassal rolu oynadığı ölkələrə hər zaman hədiyyələr alıb və bunları da kreditlərlə edib. Rusiya da əvəzinə zavodlarını, fabriklərini verib. İndi də bu işləri başqa bir formada Fransa və Hindistanla aparır. Ermənistan iqtisadiyyatı imkan vermir ki, ordusunu bütünlükdə müasir silahlarla komplektləşdirsin. Onlar heç bir zaman müstəqil dövlət olmayıblar. 100 ildən artıqdır ki, dünya dövlətləri, ilk əvvəl də Çar Rusiyası tərəfindən yönəldilib. İndi də Fransa və Hindistan onu yönəldir”.
Məhəmmədəli QƏRİBLİ