“Neftçi” 32 ildə ikinci antirekorda "imza atdı"...
Son illər uğursuzluk zolağından çıxa bilməyən ölkə futbolunun flaqmanı olan “Neftçi” klubu daha bir uğursuz antirekoda imza atıb. Belə ki, Bakı təmsilçisi Azərbaycan Premyer Liqasının ilk 5 turunda qələbə qazanmayıb. Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytında yer alan məlumatda deyilir ki, "ağ-qaralar" 4 oyunda heç-heçə edib və 1 matçda məğlub olub. Roman Qriqorçukun yetirmələri “Turan Tovuz” və “Şamaxı” ilə qolsuz, “Səbail” və “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə edib. “Neftçi” “Sabah”dan iki cavabsız qol buraxıb.
1992-ci ildə keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “ağ-qaralar” 32 ildə ikinci dəfə 5 start oyununu qələbəsiz başa vurublar. İlk belə hadisə 2017/2018-ci illər mövsümündə qeydə alınıb. Yeddi il əvvəl “Neftçi” ilk 5 turda cəmi 1 xal qazanıb: 1 heç-heçə və 4 məğlubiyyət.
Mətləb Salahov