İnhisarçılıqla mübarizə qaydaları dəyişdi - qiymətlər yenidən gündəmə gəldi…
Ölkə iqtisadiyyatında dinamik inkişafın təmin edilməsi məqsədilə diqqət yetrilən əsas məsələlərdən biri də özəl sektor üçün rəqabəti təmin etməkdir. Bu məqsədlə son illər ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması və inhisarçılığın aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Elə Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsasında prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması da bunun daha bir təzahürüdür. Xatırladaq ki, bununla bağlı prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Onu da qeyd edək ki, Azərbaycanda inhisarla mübarizə sahəsində ilk qurum – Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi hələ 1992-ci ildə yaradılıb. 2001-ci ildə həmin Komitə İqtisadi İnkişaf Nazirliyinin tərkibinə daxil edilib və Antiinhisar Siyasəti Departamenti kimi fəaliyyət göstərib. Amma sonrakı illərdə də bu sahədə köhnələrinin ləğvi ilə paralel yeni qurumlar yaradılıb. Məsələn, 2006-cı il dekabrın 28-də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti yaradılıb və istehlak bazarına nəzarət funksiyaları da onun səlahiyyətlərinə aid edilib. 2009-cu ildə isə müvafiq fərmanla qurum Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti adını alıb. Səkkiz il sonra verilən yeni sərəncamla isə İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Nəhayət, 2019-cu il oktyabrın 23-də agentlik yenidən Dövlət Xidməti statusu alıb. Nazirlər Kabinetinin açıqlamasına görə, yeni qurum antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərəcək. Vurğulandığına görə, Azərbaycan prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması ölkədə inhisara qarşı mübarizəni daha da gücləndirəcək. Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov “Turan”a deyib ki, sözügedən dəyişikliyin effektiv olacağına ümid etmək istəyir: “Çünki illər boyu bu qurum müxtəlif adlar altında fəaliyyət göstərib, amma ildən-ilə istehlakçıların hüquqları məsələsi arxada qalıb və indiki vəziyyətə gəlib çatıb. Baxmayaraq ki, qurumun əsasnaməsində istehlakçıların hüquqlarının qorunması yer alırdı, onun işi qənaətbəxş deyildi”. Ekspertin sözlərinə görə, rəhbərlik etdiyi quruma istehlakçılardan hər hansı şirkətdən şikayət gələndə tərəfləri barışdıra bilmədikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinə müraciət göndərib: “Sözügedən qurum da şirkətə məktub göndərirdi. Şirkət istehlakçını necə aldadırdısa, eyni bəhanələri yazıb Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinə göndərirdi. Onlar da həmin sözləri kopiyalayıb cavabda bizə göndərirdi... Çox nadir hallarda istehlakçıların hüquqlarının qorunmasını görə bilmişik”. O arzu edir ki, yeni qurumun adında “istehlakçıların müdafiəsi” də əks olunsun: “Çox təəssüf ki, ölkədə istehlakçıların hüquqları arxa planda qalıb. Mən gözləyirəm ki, bu dəyişiklikdən sonra adıçəkilən qurum geniş səlahiyyətlərə malik olacaq. İctimaiyyətlə, media ilə sıx işləyəcək və istehlakçı hüquqlarına dair məsələlərdə “get məhkəməyə ver” söhbəti etməyəcəklər”.
Vəkil, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirir ki, Azərbaycanda inhisarçılıq problemi var: “İndiyə kimi Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin İqtisadiyyat Nazirliyinə tabe olması da bu sahədə hansısa dəyişikliyi, ümumiyyətlə, mümkünsüz edirdi”. Ekspertin fikrincə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətini çoxdan müstəqil quruma çevirmək lazım idi: “Çünki Azərbaycanın əksər dövlət şirkətləri İqtisadiyyat Nazirliyinə tabedir. Bu şirkətlər də, bir növ, təbii inhisarçılardır. İkincisi də, bütün dövlət satınalmalarına nəzarəti də İqtisadiyyat Nazirliyinin tərkibində olan həmin qurum həyata keçirirdi”. Ə.Həsənov “Azadlıq” radiosuna açıqlamasında qeyd edir ki, yeni agentliyin yaranması müsbət haldır: “Amma mən illüziyalara da qapılmıram və agentlik bir günə nəyisə dəyişməyə başlamayacaq. Bu il qüvvəyə minən Rəqabət Məcəlləsinin icrasının necə həyata keçiriləcəyi də hələ sual altındadır. Eyni zamanda, əgər Daşınmaz Əmlakın Dövlət Reyestri və Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestri açıq olmayacaqsa, inhisarçılığa qarşı real mübarizədən söhbət gedə bilməz. Bu məsələdə ictimai nəzarət yoxdursa, mümkün deyil”. Qeyd edək ki, ölkədə haqsız rəqabət hallarına, inhisarçılığa qarşı mübarizə sahəsində artıq təsirli tədbirlər həyata keçirilir. Rəqabət Məcəlləsinin qəbulu bunun daha bir təzahürüdür. Belə ki, Rəqabət Məcəlləsi həm bazarın tənzimlənməsi, həm də iqtisadi proseslər baxımından əhəmiyyətli bir sənəddir. Bu, bütövlükdə bazarda inhisarşılıq meyllərinin azaldılmasına və qiymətlərin liberallaşdırılmasına imkan yaradır. Bu da, təbii ki, bazara giriş imkanlarının artırılması, rəqabtin gücləndirilməsi, fərqli və ya oxşar məhsulların ayrı-ayrı şirkətlər tərəfindən fərqli qiymətlərlə təqdim olunmasına gətirib çıxarır.
Ramil QULİYEV