Zəngəzur dəhlizinin açılmasına 5 ölkə "imza atacaq"...
Mirkazım Seyidov: “Bu məsələdə hamını razı salacaq düsturu tapmaq asan məsələ deyil”
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İranın Zəngəzur dəhlizinə münasibətini şərh edərkən deyib ki, müvafiq razılaşma tərəflərin qarşılıqlı razılığı əsasında və qarşılıqlı məqbul şərtlərlə həyata keçiriləcək:
“Elə bir şəkildə əldə olunacaq və həyata keçiriləcək ki, bu, həm Azərbaycanın, həm Ermənistanın, həm də regiondakı qonşu dövlətlərin, müvafiq olaraq Rusiya, İran və Türkiyənin maraqlarına cavab versin”.
Zaxarovanın dediyi kimi Zəngəzurla bağlı hamını razı sala biləcək həll modeli tapmaq mümkündürmü?
Müstəqil siyasətçi Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələdə Rusiyanın addımları maraq doğurur: “Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirmişdi ki, tərəflər, Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəlib. Onun iddiasına görə, bu məsələnin sonrakı mərhələdə həll olunması barədə razılıq əldə edilib. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan da Azərbaycan rəsmisinin bu fikirlərini təsdiqləmişdi. Bir-birini tamamlayan məlum bəyanatlar ictimai müzakirəyə çıxarıldığı bir zamanda Rusiya rəsmiləri tələm-tələsik Bakıya səfər etdilər. Əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehrana, ordan isə birbaşa Bakıya gəldi. Bu məsələ eyni zamanda İranı da narahat edir. İran Avropaya nəqliyyat marşrutunda yeganə ümid yeri kimi baxdığı Ermənistanla sərhədində regiondan kənar qüvvənin dayanmasını istəmir. Buna özünün tamamilə mühasirəyə alınması kimi baxır.
Üstəlik, Zəngəzur dəhlizinin açılmasını Türk dünyasının qurulması layihəsi kimi gördüyündən bunu da özünün mövcudluğuna təhlükə kimi qiymətləndirir. Bütün bu geosiyasi amillər üzündən İran Zəngəzur dəhlizini öz “qırmızı cizgisi” kimi şərtləndirir. Əslində İranın bu mövqeyi təkcə bizim yox, həm də Rusiya və Çinin milli maraqları ilə ziddiyyət təşkil edir. Zaxarovanın sitat gətirdiyiniz açıqlamasında Rusiyanın da İranın bu mövqeyindən narahat olduğu özünü açıq şəkildə büruzə verir.
Zəngəzur dəhlizi bizə yalnız dünyaya çıxış üçün yox, ən əsası Naxçıvanla kommunikasiya əlaqələrini bərpa etmək üçün lazım idi. Bunun əvəzində isə biz Ermənistanı dünya ilə çalaşdıracaqdıq. Amma İrəvan bunu istəmədi. Biz də 2022-ci ilin mart ayında İranla memorandum imzalamaqla alternativ yol tapdıq. İrandan keçəcək bu kommunikasiya xətti ilə Zəngəzur dəhlizi arasında elə də ciddi fərq yoxdur. Araz dəhlizi adlanan İran üzərindən keçiş xətti digərindən təxminən 8 km. uzundur. Amma nə Rusiyanın, nə ABŞ-ın himayəsində ehtiyacımız var. Hesab edirəm ki, bundan sonrasını İrəvan düşünməlidir. Ya o bizim legitim tələblərimizlə razılaşmalı, ya da, İlham Əliyev demişkən, bütün beynəlxalq marşrutların yan keçdiyi “dalan dövlətə” çevrilməlidir. Ona tərəqqi yoluna qədəm qoymağa Rusiya, İran və ABŞ arasında yaşanan rəqabət imkan vermirsə, bunun da çarəsini yenə özü tapmalıdır. Bu baxımdan da, vəziyyət heç də Zaxarovanın şərh etdiyi kimi deyil. Bu məsələdə hamını razı salacaq düstüru tapmaq asan məsələ deyil”.
Məhəmmədəli QƏRİBLİ