Paşinyan Azərbaycanla normallaşmada Rusiyanın hər cür iştirakından imtina edəcək...
Elşad Musayev: “Bütün bunlar Qərbin də maraqlarına uyğundur”
Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Sünik bölgəsində kommunikasiyaların bloklanmasına dair razılaşmanı sabotaj edən Ermənistandır” bəyanatından təəssüflənir. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan yerli medianın sualına cavabında deyib.
Badalyanın fikrincə, uzun müddətdir ki, Rusiya Xarici İşlər Nazirliyinin müxtəlif rəsmiləri Ermənistanla bağlı həqiqətə uyğun olmayan, açıq-aşkar qərəzli, çox vaxt hörmətsiz şərhlər verirlər: “Biz də uzun müddətdir ki, onlara cavab vermirik. Bununla belə, Lavrovun avqustun 20-dəki bəyanatı nəinki açıq-aşkar təəssüf hissi doğurur, həm də Rusiyanın Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması prosesində konstruktiv iştirakını şübhə altına alır”.
Ümumən, görünən odur ki, Ermənistan bərk aqressivləşib. O baxımdan, Rusiyadan İrəvanın ünvanına bu açıqlamalardan sonra Ermənistanın Azərbaycanla normallaşma prosesində Moskvanın iştirakına münasibəti hansı istiqamətdə dəyişəcək? Onsuz da erməni tərəfi Rusiyanı yaxına buraxmırdı. Yəni ola bilərmi ki, bütün bunlardan sonra Ermənistan Rusiyanın danışıqlar prosesində iştirakından birmənalı imtina etdiyini bəyan etsin? Baxmayaraq, Putin Bakıda dedi ki, əlimizdə olan sənədlərlə sərhədlərin delimitasiyasında iştirak edə bilərik. Ancaq məlum münasibətdən sonra Ermənistan Rusiyadan tam şəkildə imtina bəyanatı verə bilərmi?
“Vasitəçilik məsələsinə gəldikdə, bundan sonra İrəvan Moskvanı yaxın buraxmaz”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, bütün bunlar gözlənilən idi: “Əvvəla, nəhayət Rusiya xarici işlər naziri Sergey Lavrov doğru-düzgün açıqlama ilə çıxış etdi. Emənistana qarşı Rusiyanın hiddəti açıq-aşkar özünü göstərir. Çünki həqiqətən də Ermənistan Zəngəzur dəhlizinin açılmasına imkan vermir. Üçtərəfli razılaşmanın 9-cu bəndini yerinə yetirmir. Bir sözlə, kommunikasiya xətlərini blokadada saxlayan Ermənistandır və Moskva bunu dilə gətirməkdən çəkinmir. Başqa bir tərəfdən, Ermənistan bölgəni qan çanağına çevirmək istəyir, xarici qüvvələru bura cəmləməyə çalışır. Faktiki olaraq hücum silahları ilə silahlanır. Ermənistan istənilən halda Rusiyanın qırmızı xətlərini tapdalayır. Ona görə də Moskva buna əvvəl-axır sərt reaksiya verməli idi. Çünki tərəflər arasında münasibətlər həddən artıq gərgindir. Bu gərginlik isə Ermənistanın xeyrinə olmayacaq. Bu da Azərbaycanın daha çox xeyrinədir. Biz də bundan öz maraqlarımız üçün istifadə etməkdən çəkinməməliyik. Dünyada belədir, hərə öz maraqlarından çıxış edir. Azərbaycan da buna önəm verməlidir. Uzun illər Ermənistana dəstək verən Rusiyanın indi əks mövqe sərgiləməsi İrəvanın ziyanınadır. Vasitəçilik məsələsinə gəldikdə isə, bundan sonra İrəvan Moskvanı yaxın buraxmaz. Bütün bunlar Qərbin də maraqlarına uyğundur. Nə qədər Moskva-İrəvan münasibətləri gərgin olsa, bu, bir o qədər ABŞ-ın işinə yarayır. Çünki bütün bunlarda strateji məqsəd Rusiyanı Ermənistandan çıxarmaqdır. Ona görə də Paşinyanın bu siyasəti davam etdirəcəyi gözlənilir”.
Vidadi ORDAHALLI