Yazıçılar Birliyindən ev alanlar bəyanat yaydılar
AYB-nin 21 üzvünü evlə təmin etməsi xəbəri müzakirələrə səbəb olub. Ev alan üzvlər bununla bağlı bəyanat imzalayıb. Bəyanat baki-xeber.com-a da göndərilib.
Bəyanatda deyilir: “Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin bir qrup üzvünə və əməkdaşlarına mənzil verilmişdir. Biz sənədlərin imzalanması üçün Yazıçılar Birliyinə dəvət olunanda bizim üçün sürpriz oldu. Yeri gəlmişkən, ölkəmizin başçısına, Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə minnətdarlığımızı bildiririk. Qələm yoldaşlarımızdan xeyli təbrik almışıq. Bizimlə bərabər sevinənlərə təşəkkür edirik. Təəssüf ki, mənzil alanların siyahısına düşməmiş bir-iki AYB üzvü sosial şəbəkələrdə, tv kanallarında mənzil alanların ünvanına təhqiredici sözlər işlədərək, haqsızlıqda, ədalətsizlikdə ittiham edərək, necə deyərlər, sevincimizi qursağımızda qoydular. Biz bu fikirdəyik ki, bölgü zamanı heç bir ədalətsizlik olmayıb, mənzillər ədəbiyyat sahəsində xidmətləri olan qocaman yazıçılara, mənzil şəraiti ağır olan, heç mənzili olmayan yazıçı və əməkdaşlara verilib, siyahıda kənardan gəlmə heç kim yoxdur. Qeyd etmək yerinə düşər ki, mənzillə təmin olunmuş əməkdaşların yeganə iş yeri Yazıçılar Birliyidir və onların da Azərbaycan vətəndaşları kimi mənzil almaq hüquqları var və onların adlarını hallandırıb yuxarıdan-aşağı baxmaq qələm adamlarına yaraşmaz. Yazıçılar Birliyi son 30-35 ildə üzvlərinin mənzil problemini həll etmək üçün bütün imkanlarını səfərbər edib və ən çox mənzil bu dövrdə paylanıb. Mənzil davası edənlər ilk növbədə yazıçı nüfuzuna kölgə salırlar. İctimaiyyət qarşısında nalayiq sözlər işlətmək, insanlara iftira atmaq, dedi-qodu yaymaq, üzvü olduqları təşkilat barədə yanlış təsəvvür yaratmağa çalışmaqla yalnız özlərini gözdən salan səxslərə sözümüz budur ki, davranışınız doğru deyil. Biz ürəkdən istəyirik ki, bütün qələm yoldaşlarımız, əməkdaşlarımız tezliklə bizim kimi sevinsinlər. Yazıçılar Birliyi hamımızın doğma ocağıdır, bu ocaqdan kiməsə zərər gəlməyib, amma xeyrini görənlər çox olub, bu ocaq bizim pənahımızdır, uman yerimizdir, qorumaq da borcumuzdur".