Türkiyədə 3 azərbaycanlı məmura qarşı 350 min dollarlıq dələduzluq - Yüksək qazanc vədinə aldandılar, sonda da...
Türkiyədə azərbaycanlı diplomatları aldadıblar. Bu barədə məlumat yayan “TRT Haber” xəbər verir ki, maliyyə proqramlarının sahibi kimi də tanınan Gökalp İçer beynəlxalq sərgidə tanış olduğu Murat Şirinovla işə başlayıb.
Şirinov Azərbaycandakı bank meneceri vasitəsilə azərbaycanlı diplomatlarla əlaqə yaradıb. İddialara görə, o, özünü dövlət məmuru kimi təqdim edib və etibar qazanıb.
Murat Şirinov Azərbaycanda yüksək post tutan 3 diplomatla əlaqə yaradıb və onlarla kafedə görüşüb.
O, pulu şəxsən alıb, lakin qarşılığında qəbz belə verməyib. Əsl müdirlə görüşmək istəyən diplomatları isə Gökalp İçerin kabinetinə aparıb onunla tanış edib.
Zərərçəkənlərin iddialarına görə, onların telefonlarına proqram quraşdırılıb. Onlara deyilib ki, pullarını bu platforma vasitəsilə izləyə bilərlər. Lakin platformaya nəzarət bütünlüklə Şirinovda olub.
İlk bir neçə ay ərzində kiçik məbləğlər ödənilib. Bu yolla onların daha çox sərmayə qoymasına və yaxınlarını bu sistemə daxil etməsinə şərait yaradılıb. Zərərçəkənlər təxminən 350 min dolları öz əlləri ilə qarşı tərəfə təqdim ediblər. Böyük miqdarda pul verdikdən sonra artıq qazanc əldə etmədiklərini görüblər. Qarşı tərəf isə onların telefonlarına belə cavab verməyib. Bir müddət sonra proqramdakı hesabları da sıfırlanıb.
Azərbaycan diplomatlarının şikayəti əsasında İstanbul Baş Prokurorluğunun başlatdığı istintaq başa çatıb.
İddianamədə Şirinova verilən pulla heç bir sərmayə qoyulmadığı aydın olur. Zərərçəkənlərin telefonlarına quraşdırılan tətbiqin isə sərmayə qoyulmuş kimi saxta məlumatları əks etdirdiyi ortaya çıxıb.
Sözügedən şirkət və tətbiqin iş icazəsi və ya lisenziyasının olmadığı da müəyyən edilib. Gökalp İçer və Murat Şirinov barəsində iddia qaldırılıb.
Şübhəlilər dələduzluq və digər cinayətlərə görə, 5 ildən 7 il yarımadək azadlıqdan məhrumetmə cəzası gözləyir.
TAHİR