Yeniyetmələrdə soyuq silahlara aludəçilik yenidən başlayır...
Könül İsmayılova: “Dövrün gəncləri və yeniyetmələri olduqca aqressivdir”
Son zamanlar Azərbaycan məktəbliləri, eləcə də tələbələr arasında bıçaqlaşma, bir-birinə xəsarət yetirmə halları artıb.
Müşahidələr göstərir ki, 15-25 yaş arası gənclər soyuq silahla gəzməyi və bunu nümayiş etdirməyi özlərinə fəxr bilirlər. Bu, sanki onların güc göstərişinə, “kəsərli söz sahibi” imicinə xidmət edir. Bu düşüncə necə formalaşır, haradan yaranır? Maraqlıdır, gənclik niyə problemlərdən çıxış yolunu danışıqda deyil, dalaşmaqda axtarır? Nə üçün qatil olur?
“Yeniyetmələrin üzərlərində bıçaq gəzdirmələri düşdükləri mühitdən, toplumdan asılıdır”
Psixoloq Könül İsmayılova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hər bir yeniyetmə olduğu sosial mühitin davranışlarını əxz edir. Bu sosial mühit ilk növbədə ailədir. İkinci yerdə məktəb, üçüncü yerdə isə kollektiv gəlir. Bu üçündən daha güclü olan factor, təbii ki, internet, informasiya resurslarıdır: “İnternetin, texnologiyanın inkişaf etdiyi dövrdə mənfi tendensiyaların qarşısını almaq o qədər də asan deyil. İstənilən zərərli stereotip Azərbaycanın ictimai şüur mühitinə asanlıqla daxil olur. Biz son zamanlar baş verən proseslərdə bunun əyani sübutunu görə bilirik”.
Psixoloq hesab edir ki, yeniyetmələrin üzərlərində bıçaq gəzdirmələri düşdükləri mühitdən, toplumdan asılıdır: “Bunu bütün uşaqlara şamil etmək olmaz. Düşdükləri mühit necədirsə, uşaqlar da o mühitin qaydası ilə hərəkət edirlər. Həmin mühitdə kim nəyə müsbət baxırsa, o da ona müsbət yanaşır, kim nəyə mənfi yanaşırsa, o da onu mənfi hesab edir. Üzərində bıçaq gəzdirmək onların bir növ həmin cəmiyyətdə özlərini təsdiq etmək formasıdır. Uşaqlar bəzən öz ailələrində özlərini təsdiq edə bilmədikləri zaman cəmiyyətdə bu və ya digər formada xof yaratmaqla bunu “kompensasiya” edirlər. Bununla özlərini güclü sayırlar. Bu isə onlarda daxildəki “mən varam” şüarından qaynaqlanan aqressiyanı qidalandırır. Uşaqlar, yeniyetmələr belə hallarda daha da əsəbi olur, daha tez “alışır” və əsəblərini idarə edə bilmirlər. Cəmiyyətdə kriminal aləmin “qəhrəman”ları haqqında istər mənfi, istərsə də müsbət məlumatlar yeniyetmələrə təsir edir. Uşaqlar bu “qəhrəman”ları kumir kimi görür və onların təsirinə düşürlər. Kriminal şəxslər barəsində danışılan söhbətlər uşaqların psixoloji həssas dövründə ciddi təsir mühiti yaradır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, dövrün gəncləri və yeniyetmələri olduqca aqressivdir. Təbii ki, onların tərbiyəsində internet və internetdə olan nəhəng baza çox böyük rol oynayır: “Övladlarımızı bizdən xəbərsiz kimlərsə tərbiyə edir, yönləndirir. Müasir dövrdə işləyən valideynlərin əksəriyyəti övladına smartfon verməyə, onu kompüterlə təmin etməyə məcburdur. Yaxud dərslərində ehtiyac yaranır deyə buna ehtiyac olur. Övladımız o smartfonlarda nələrə baxır, nələr edir, bilmirik”.
Günel CƏLİLOVA