İlk dəfə evlənənlərə 2 il güzəştlə faizsiz "evlilik krediti"...
Elçin Bayramlı: “Sağlam bir cəmiyyət formalaşdırmaq istəyiriksə yeni ailə quran şəxslərə ailələrin davamlılığı üçün müəyyən güzəştlər tətbiq olunmalıdır”
Məlum olduğu kimi, Türkiyədə ailə qurmaq istəyən gənclərə evlilik krediti veriləcək. Türkiyədə Ailə və Gənclik Fondunun yaradılması haqqında qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilərək qüvvəyə minib.
Qanun layihəsinə əsasən, Türkiyənin neft, təbii qaz və mineral ehtiyatlardan əldə etdiyi gəlirin 20 faizi ölkənin Xəzinə və Maliyyə Nazirliyi nəzdində yaradılacaq fonda köçürüləcək. Ölkədə yeni ailə quran gənclərə fond tərəfindən 150 min Türk lirəsi məbləğində faizsiz kredit veriləcək. Gənclər krediti ilk iki il güzəştli, dörd il ərzində isə geri ödəmək şərti ilə ala biləcəklər.
Qardaş ölkə mediasında yer alan xəbərə görə, kreditin müddəti 48 aylıq nəzərdə tutulur. Kreditdən istifadə edəcək şəxslər üçün yaş həddi və digər ödənişlər Fondun rəhbərliyi tərəfindən müəyyən ediləcək.
Danılmaz faktdır ki, bu gün Azərbaycanda da evsizlikdən ailə qura bilməyən gənclərin sayı az deyil. Qeyd edək ki, gənc ailələrin ev problemini həll etmək üçün sosial evlər layihəsi olsa da, “sosial” adlandırılan evləri gənclər və gənc ailələr əldə edə bilmir. Belə ola halda evlənənlərin sayı azalır, boşananların sayı çoxalır.
Maraqlıdır, bizdə niyə qardaş ölkədə olduğu kimi sosial layihələr icra olunmur?
“Ölkəmizdə gənclərin 90 faizi sosial problemlər ucbatından ailə qurmaq istəmir, evsizlik, işsizlik, normal qazancın olmaması gec evlənməyə səbəb olur”
Mövzu ilə bağlı fikir bildirən sosioloq Elçin Bayramlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əksər xarici ölkələrdə ailələrin qurulması və onun qorunması üçün müxtəlif vasitələrlə stimullaşdırıcı layihələr icra edir. Təəssüf ki, ölkəmizdə belə bir qayda yoxdur: “Danılmaz faktdır ki, ölkəmiz boşanma sayına görə dünyada ilk sıralarda yer alır. Ailə quran gənclərin sayı kəskin şəkildə azalır. Azərbaycanda ailə institutu demək olar ki, dağılıb. Türkiyədə gənclərin ailə qurması, çoxuşaqlı ailələrin sayının artması üçün şərait yaradılır. Bizdə də belə bir qayda tətbiq olunmalıdır. Bu gün ölkəmizdə gənclərin 90 faizi sosial problemlər ucbatından ailə qurmaq istəmir. Evsizlik, işsizlik, normal qazancın olmaması gec evlənməyə səbəb olur”.
Ekspert hesab edir ki, sosial evlər layihəsi ancaq kağız üzərində “sosial” olaraq qaldı. Çünki həmin binalarda satışa çıxarılan evlərin qiyməti bazarla eynidir və şərtləri də çox ağırdır. Azərbaycan gənclərinin heç bir faizi belə sosial evlərdən mənzil ala bilməyib: “Halbuki, dövlət bu layihəni gənclər üçün nəzərdə tutmuşdu. Onu da deyim ki, əksər xarici ölkələrdə gənclər bu kimi layihələr vasitəsilə minimum ödənişlə mənzil sahibi olurlar. Bizdə gənc ailələrə heç bir dəstək olunmur. Heç uşaq pulu belə verilmir. Bu sahədə dəyişiklik olmasa faciəvi statistika daha da acınacaqlı hal alacaq. Bu isə genofondumuzu məhv edəcək. Evlənənlərin sayı azalacaq, boşanmalar artacaq, uşaq doğumu kəskin şəkildə azalacaq və əhali aarasında qocalma sürətlənəcək. Bu problemin həll olunması üçün dövlət səviyyəsində proqram hazırlanmalıdır. Millət vəkilləri mənasız təkliflər irəli sürməkdənsə, acınacaqlı və getdikcə də pisləşən vəziyyətin qarşısını almaq üçün müzakirələr aparsın, çıxış yolu arasınlar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ailələrin qorunub saxlanması üçün dövlət tərəfindən müəyyən güzəşt olunmalıdır: “Rusiyada 20 il evli qalan ailələrə əlavə dövlət güzəşti, yardım edilir. Bu güzəşt ailələrin davamlı olmasına dəstək olur. Boşanmaların qarşısı alınır.
Sağlam bir cəmiyyət formalaşdırmaq istəyiriksə, yeni ailə quran şəxslərə ailələrin davamlılığı üçün müəyyən güzəştlər tətbiq olunmalıdır”.
Günel CƏLİLOVA